Azərbaycan universitetlərində çalışan işçilərin əmək haqlarının müəyyənləşdirilməsi üçün vahid komissiya yaradılacaq

Azərbaycan universitetlərində çalışan işçilərin əmək haqlarının müəyyənləşdirilməsi üçün vahid komissiya yaradılacaq
# 07 dekabr 2012 16:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan təhsil sisteminin infrastrukturunu qorumaq üçün universitetlərarası vahid komissiya yaradılacaq. Bunu APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib.

O bildirib ki, bu barədə yaxın günlərdə Təhsil Nazirliyində keçirilən ali məktəb rektorlarının müşavirəsində ümumi razılığa gəlinib: “Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında” qərarının ləğvindən sonra dövlət ali təhsil müəssisələrində işçilərin əmək haqlarının müəyyənləşdirilməsi ali məktəblərin öz ixtiyarına verilib. Məsələn, Bakı Dövlət Universitetində dosentin birinə 500, digərinə 300 manat verə bilərik. Digər universitetdə isə bu rəqəm 200-300 manat ola bilər. Lakin elə etməliyik ki, universitetlər arasında çox ciddi fərq yaranmasın. Bəlkə də düşünürlər ki, hansı universitetin reytinqi varsa, orada məbləğ çox olsun. Amma biz hələ belə radikal reytinqə hazır deyilik. Bunun nəticəsində sabah müəllim bir universiteti tərk edib, yüksək maaş verən digərinə gedə və təhsilin infrastrukturu pozula bilər. Maliyyələşmə məsələsində fərqi çox az etməliyik ki, Azərbaycan təhsilinin infrastrukturu pozulmasın. Bir kafedranın kadr potensialını 10-20 ilə ancaq yığmaq olur. Lakin onları maliyyələşməyə görə işlərindən ayırmaq ciddi problemlərə səbəb ola bilər”.

A.Məhərrəmov qeyd edib ki, bu gün təhsil ictimaiyyətini narahat edən məsələlərdən biri də elmi dərəcələrə görə verilən məbləğin az olmasıdır: “Bu məbləği artırmaq lazımdır. Bu və digər məqamları nəzərə alaraq Təhsil Nazirliyində keçirilən müşavirədə universitetlər arasında vahid komissiyanın yaradılması barədə razılığa gəlindi. Maliyyələşmə zamanı da rəqəmlər arasında ciddi fərq olmadan ümumi razılaşmaya gələk ki, Azərbaycan təhsil sisteminin infrastrukturu qoruyaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR