Kəmaləddin Heydərov: “Azərbaycanda əhalinin 4,5 milyon nəfəri 8-9 ballıq seysmik zonalarda yaşayır”

Kəmaləddin Heydərov: “Azərbaycanda əhalinin 4,5 milyon nəfəri 8-9 ballıq seysmik zonalarda yaşayır”
# 18 iyun 2012 10:43 (UTC +04:00)
Hazırda Azərbaycanda cəmiyyətin təməl hüquqlarından olan insan hüquqlarının qorunması müəyyən edilmiş inkişafın əsas göstəricilərindəndir”. APA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar” mövzusunda Ombudsmanların 10-cu Bakı Beynəlxalq Konfransında “Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi” mövzusunda plenar iclasda çıxışında deyib.

“Fövqəladə hallar və onların nəticələrinin aradan qaldırılması” mövzusunda çıxış edən nazir, tədbirin mövzusunun kifayət qədər aktual olduğunu vurğulayıb. K. Heydərov FHN-in yaranması zərurəti və tarixindən, son illərdə ölkədə təbii fəlakətlər və onların nəticələrinin aradan qaldırılması barədə danışıb. Azərbaycanda 2010-cu ildə Kür və Araz çaylarında baş verən daşqınların nəticələrinin aradan qaldırılmasına FHN-in minlərlə əməkdaşının və xüsusi texnikasının cəlb olunduğunu xatırladan nazir deyib ki, o zaman fəlakət zonasından 947 nəfər təxliyə olunub, 10 nəfər batmaqdan xilas edilib.

Nazir çıxışında daha bir təbii fəlakət növü, zəlzələlər barədə də danışıb: “Hazırda seysmoloqlar tərəfindən müəyyən edilib ki, Azərbaycan ərazisinin 60 faizə qədərini fövqəladə təhlükəli, 8-9 bal gücündə səciyyələnən seysmik zonalar təşkil edir. Respublika əhalisinin 4,5 milyon nəfəri həmin zonalarda yaşayır”.

K. Heydərov Azərbaycanda son güclü zəlzələnin bu il mayın 7-də qeydə alındığını bildirib. O, qeyd edib ki, episentri Zaqataladan 17 kilometr cənub-qərbdə olan zəlzələ növbəti günlərdə də davam edib. Zəlzələ nəticəsində Zaqatala və ətraf rayonlarda çoxsaylı evlər dağılıb, yaşayış evlərinə və sosial obyektlərə ciddi ziyan dəyib, xoşbəxtlikdən xəsarət alan olmayıb. Nazir təbii fəlakətin nəticələrinin aradan qaldırılması yönündə görülən işlərdən, eyni zamanda FHN əməkdaşlarının digər ölkələrdə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılası istiqamətində fəaliyyətlərindən də danışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR