«Gənclik» meydanındakı tunel layihəsində işlərin 70%-i görülüb

«Gənclik» meydanındakı tunel layihəsində işlərin 70%-i görülüb
# 11 sentyabr 2012 15:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov o APA-Economics. Bakının ən böyük körpü-tunel layihələrindən biri olan «Gənclik» metro stansiyası ətrafındakı tunellər qovşağı layihəsi çərçivəsində işlərin 70%-i görülüb, layihənin 2013-cü ildə başa çatması gözlənilir.

Bu barədə «APA-Economics»ə yol-körpü-tunel layihəsini həyata keçirən «Akkord» şirkətinin korpü-tunel tikinti departamentinin direktoru Aslan İsmayılov bildirib.

Onun sözlərinə görə, layihə ilə bağlı qazma və tikinti quraşdırma işləri tam başa çatıb: «Artıq tunellərdə işlər başa çatıb və piyada keçidlərinin tikintisinə başlanıb». Hazırda burada dizayn, abadlaşma və drenaj yollarının çəkilməsi işləri aparılır.

Qeyd edək ki, layihənin məqsədi paytaxtın ən gur nəqliyyat istiqamətlərindən olan Atatürk prospektini şəhərin mərkəzi ilə birbaşa əlaqələndirməkdir. Bu məqsədlə çoxsaylı yeraltı tunellərin tikintisi nəzərdə tutulur. Nəticədə Atatürk prospektindən şəhərin mərkəzinə və əks istiqamətə hərəkət edən avtomobillər «Gənclik» meydanının altından maneəsiz keçəcəklər. Belə ki, Atatürk prospekti ilə Ayna Sultanova heykəli istiqamətindən «Gənclik» metro stansiyasına tərəf gələn avtomobillərin hamısı «Gənclik» meydanına çatanda bir tunelə daxil olacaqlar.

A.İsmayılovun sözlərinə görə, tunelin daxilində avtomobillərin yolu bir neçə istiqamətə ayrılır. Belə ki, avtomobillərin bir hissəsi tuneldən Tibb Universitetinə tərəf gedən yeni yola çıxır. «Nərimanov» metro stansiyasına tərəf gedən avtomobilləri isə elə yerin altında dövrə vuraraq həmin istiqamətə gedəcək. Tuneldən çıxan yollardan biri Vaqif prospekti ilə şəhərin mərkəzinə yönəlir. Şəhərdən gələrək Atatürk prospektinə daxil olmaq istəyən avtomobillər də qonşu tunelə daxil olacaqlar.

Bundan başqa, layihə çərçivəsində Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində tunel tikiləcək və Həsən Əliyev küçəsi ilə gedən avtomobillər bu tuneldən keçməklə yollarını davam etdirəcəklər. Atatürk prospekti boyunca bütün yol kəsişmələri, avtobus dayanacaqlarında isə yeraltı keçidlər tikiləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR