Rumıniyada Əyyub Quliyevin konserti olub

Rumıniyada Əyyub Quliyevin konserti olub
# 18 iyun 2012 12:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rumıniyanın “Olteniya” Dövlət Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin konserti keçirilib. Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, gənc dirijorun idarəçiliyi ilə Olteniya Filarmonik orkestrinin ifasında Azərbaycan, Avropa və Cənubi Amerika musiqisinin nümunələri səslənib. Rumıniya Mədəniyyət Nazirliyi, Krayova şəhər meriyası və Olteniya Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən konsertdə ilk dəfə olaraq Rumıniyada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Üvertura ifa olunub. Rumıniya Filarmonik orkestri tərəfindən səsləndirilən bu əsər dinləyicilər tərəfindən alqışlarla qarşılanıb. Konsertin instrumental bölməsində məşhur rumın zərb ifaçısı, Buxarest Filarmonik orkestrinin solisti Aleksandru Anastasiunun ifasında tanınmış Braziliya bəstəkarı Ney Rozauronun Vibrafon və orkestr üçün konserti dinləyicilərə təqdim edilib. Konsertin ikinci bölməsində fransız bəstəkarları Jorj Bize və Kamil Sen-Sansın müxtəlif səhnə əsərlərinin simfonik orkestr üçün işləmələri yer alıb. Dünya şöhrətli “Karmen Süita” ilə bərabər Bizenin “Arlezianka” süitasından nümunələr dinləyicilər tərəfindən maraqla qarşılanıb. Konsertin sonunda isə Sen-Sansın “Samson və Dalila” operasından “Vakxanaliya” simfonik lövhəsi proqrama yekun vurulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR