Bəhram Xəlilov Əfqanıstan İslam Respublikasının nümayəndələri ilə görüşüb

Bəhram Xəlilov Əfqanıstan İslam Respublikasının nümayəndələri ilə görüşüb
# 12 iyun 2012 13:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Əfqanıstan İslam Respublikasının İnzibati İslahatlar Katibliyinin Baş direktoru Sayed Zabiullah Savayzini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, B. Xəlilov Azərbaycanda dövlət qulluğu ilə bağlı həyata keçirilən islahatlar, qarşıda duran məqsəd və vəzifələr barədə qonaqlara geniş məlumat verib. S. Savayzi isə səfərin əsas məqsədinin iki ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdən, Azərbaycanın dövlət qulluğu və kadrların idarəedilməsi sistemi ilə yaxından tanış olmaqdan və Azərbaycan təcrübəsini öyrənməkdən ibarət olduğunu qeyd edib.

Daha sonra qonaqlar Komissiyanın dövlət qulluğuna qəbulla bağlı test imtahanlarının keçirildiyi “Test mərkəzi” ilə də tanış olub və “Dövlət Qulluğuna Qəbul – Test İmtahanı Sistemi”nin (DQQTİS) “Test imtahanı kliyenti” altsisteminin işini yüksək qiymətləndiriblər.
Səfər BMT-nin İnkişaf Proqramının Əfqanıstan üzrə nümayəndəliyinin Əfqanıstan hökuməti ilə birgə həyata keçirdiyi “Milli İnstitusional Quruculuq” layihəsi çərçivəsində təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR