Ləğv prosesində olan “Azərbaycan Kredit Bankı”nın kreditorlarına müraciət edilib

 Ləğv prosesində olan “Azərbaycan Kredit Bankı”nın kreditorlarına müraciət edilib
# 10 avqust 2015 13:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA_Economics. Ləğv prosesində olan “Azərbaycan Kredit Bankı” ASC-nin kreditorları “Azərbaycan Kredit Bankı” ASC-nin ləğv olunması barədə elan kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 90 (doxsan) gün müddətində banka qarşı tələblərini irəli sürə bilərlər.

APA-Economics”in xəbərinə görə, bu barədə rəsmi mətbuatda elan verilib.

Məlumata əsasən, kreditorların tələblərinin qeydiyyatı hər gün (şənbə və bazar günlərindən başqa) saat 9.30-dan 18.00-dək Nizami küçəsi, 167A nömrəli ünvanda aparılır.

Kreditorlar tələblərinin təmin edilməsi məqsədilə ləğvediciyə ərizə ilə müraciət etməlidirlər. Ərizəyə tələbləri təsdiq edən sənədlər əlavə olunmalıdır.

Ləğvedici tərəfindən ərizəyə daxil olduğu gündən 15 (on beş) gün ərzində baxılacaq və ərizəyə baxıldıqdan sonra nəticəsi barədə ərizəçiyə yazılı məlumat veriləcək.

Ləğv prosesində olan “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consultinq Company” MMC çıxış edir.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 10.07.2015-ci il tarixli 27 saylı qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv olunub.

Azərbaycanın 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyul 2015-ci il tarixli 2-1(81)-3854/2015 saylı qərarı ilə “Azərbaycan Kredit Bankı” Açıq Səhmdar Cəmiyyətinin məcburi ləğv edilməsi, "Azərbaycan Kredit Bankı" Açıq Səhmdar Cəmiyyətinə ləğvedici qismində “Azerbaijan İnternational Consultinq Company” MMC-nin təyin edilməsi qərara alınıb. (ləğvedicinin hüquqi ünvanı: Bakı şəhəri, Mətbuat prospekti, 18/7, 539-cu məhəllə. Tel: 012-439-47-22; 012-439-73-17).

Ləğvetmə prosesi “Azərbaycan Kredit Bankı” ASC-nin baş ofisində- Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 167A nömrəli (əvvəlki Nizami 111) ünvanda həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR