Azərbaycanın QDİƏT Elm və Texnologiya üzrə İşçi Qrupu ilə bağlı hazırladığı Fəaliyyət Planının detalları açıqlanıb

Azərbaycanın QDİƏT Elm və Texnologiya üzrə İşçi Qrupu ilə bağlı hazırladığı Fəaliyyət Planının detalları açıqlanıb
# 01 dekabr 2014 06:57 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və Texnologiya üzrə İşçi Qrupunda nisbi durğunluğu aradan qaldırmaq, fəaliyyəti daha da gücləndirmək üçün iki illik Fəaliyyət Planı hazırlayıb”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev söyləyib.

E.Babayev iki illik Fəaliyyət Planının bu gün Bakıda keçiriləcək QDİƏT Elm və Texnologiya üzrə İşçi Qrupunun yüksək səviyyəli görüşündə müzakirəyə çıxarılacağını açıqlayıb. Onun sözlərinə görə, bu məqsədlə Fəaliyyət Planına ölkələrin təcrübəsinin bölüşdürülməsi, insan resursları, tədqiqat infrastrukturlarının yaranması, gənclərlə bağlı məsələlər daxil edilib: “Fəaliyyətin daha da zənginləşməsi üçün çoxtərəfli əməkdaşlıq formatına üstünlük verilməlidir. Eyni zamanda beynəlxalq proqramlarda iştirak gücləndirilməlidir. Xüsusilə Azərbaycan Avropa Birliyinin “Orizon-2020” proqramında daha yüksək səviyyədə iştirak məsələsini qaldırmaq fikrindədir”.

E.Babayev qeyd edib ki, QDİƏT Elm və Texnologiya üzrə İşçi Qrupu səviyyəsində Layihələrin İnkişafı Fondu olmasına baxmayaraq, bu Fondun fəaliyyəti zəifdir: “Azərbaycan bu məsələnin də müzakirəyə çıxarılmasının tərəfdarıdır. İclasda QDİƏT-ə üzv ölkələrin böyük əksəriyyəti iştirak edir. Hesab edirik ki, bu yüksək səviyyəli iclas yaxın müddət üçün elm və texnologiya sahəsində üzv dövlətlərin strategiya və taktikasının hazırlanmasına öz töhfəsini verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR