Azərbaycanda sement istehsalı 40% artıb

Azərbaycanda sement istehsalı 40% artıb
# 18 noyabr 2014 11:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sement və asfalt istehsalı artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 10 ayında ölkədə sement istehsalı 39,7% artaraq 2 448,2 min tona çatıb. Nəticədə bu ilin noyabrın 1-nə 119,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu müddət ərzində betondan yığma tikinti konstruksiyaların istehsalı 43,5% artaraq 30,9 min ton təşkil edib. Nəticədə bu ayın əvvəlinə ölkədə 1,0 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində ölkədə asfalt istehsalı 3,3% artaraq 344,8 min ton, hörmə üçün hazır beton qarışığının istehsalı isə 26% artaraq 1 451,9 min ton olub.

Bəzi tikinti məhsullarının istehsalında isə ciddi azalmalar müşahidə olunub. Belə ki, bu ilin yanvar-oktyabr aylarında tikinti gipsi istehsalı 28,6% azalaraq 158,8 min ton təşkil edib. Nəticədə noyabrın 1-nə ölkədə 3,0 min ton hazır məhsul ehtiyatı yaranıb. Bu müddət ərzində emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların da istehsalı 71% azalaraq 4 236,1 min ton olub.

Bu ilin on ayı ərzində Azərbaycanda tikinti kərpicinin istehsalı da xeyli azalıb. Belə ki, bu il ərzində ölkədə kərpic istehsalı 21,3% azalaraq 236,9 min kubmetr olub. Nəticədə bu ilin noyabrın 1-nə ölkədə 7,8 min kubmetr hazır kərpic ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR