Əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslarla bağlı təkliflər paketi hazırlanır

Əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslarla bağlı təkliflər paketi hazırlanır
# 10 may 2014 10:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (ASK) əmək bazarında daha çox tələb olunan peşə, eləcə də ixtisasların müəyyənləşdirilməsi və buna uyğun olaraq kadrların hazırlanması ilə bağlı təkliflər paketi hazırlayır.

APA-Economics”in məlumatına görə, Konfederasiyasının baş katibi Natəvan Məmmədova deyib ki, məqsəd əmək bazarı ilə təhsil sistemi arasındakı boşluqların aradan qaldırılmasına nail olmaqdır. Onun sözlərinə görə, bu təkliflər paketində təhsil proqramları və ixtisasların seçilməsi zamanı özəl sektor dinlənilməsi, təhsil sahəsi ilə əlaqədar qanunvericiliyə ediləcək dəyişikliklərlə bağlı ASK-dan rəyin alınması kimi məsələlər əksini tapıb.

“İşəgötürənlər tərəfindən belə layihə düşünülüb. Gənclərin məşğulluğu strategiyası çərçivəsində sorğular aparacağıq. Biz istəyirik ki, müxtəlif sektorlar arasında sorğu keçirək. Sorğu nəticəsində özəl sektorun daha çox hansı peşə və ixtisas sahiblərinə ehtiyac duyduğu müəyyənləşəcək. Biz bu məlumatları təhlil edib hesabat formasında Təhsil Nazirliyinə təqdim edəcəyik”-deyə N. Məmmədova əlavə edib.

ASK rəsmisinin fikrincə, əmək bazarının tələbatına uyğun kadrların hazırlanması işsizliyin azalmasına səbəb olacaq.

“Bizim və sahibkarların da marağındadır ki, hazırlanan mütəxəssislər işə qəbul olunsun. Sahibkarlar müasir biliklərə malik işçiləri məmnuniyyətlə işə götürəcək”, - deyə N. Məmmədova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR