Məzahir Pənahov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri ilə görüşüb

Məzahir Pənahov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri ilə görüşüb
# 12 iyun 2013 11:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. İyunun 12-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Pənahov rəhbərlik etdiyi qurumun aparıcı beynəlxalq təşkilatlarla, həmçinin Avropa Şurası ilə əlaqələrinə xüsusi önəm verdiyini bildirib.

Qonaqlar ümumi seçki islahatları və qarşıdan gələn seçkilərlə bağlı görülən işlərlə maraqlanıblar.

MSK sədri həmməruzəçiləri ölkədəki seçkiqabağı vəziyyət barədə məlumatlandırıb, rəhbərlik etdiyi qurumun seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı gördüyü işlərdən danışıb.

Vətəndaşların fəal seçki hüququnun təmin edilməsi üçün bütün lazımi işlərin görüldüyünü qeyd edən M. Pənahov seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi addımların atılacağını diqqətə çatdırıb.

MSK sədri həmçinin bildirib ki, şəffaflığın tam təmin edilməsi məqsədilə əvvəlki seçkilərdə olduğu kimi KİV nümayəndələrinə və müşahidəçilərə hərtərəfli şərait yaradılacaq.

Qonaqların suallarını cavablandıran M.Pənahov MSK-nın cari ildəki fəaliyyəti, həyata keçiriləcək layihələr haqqında ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR