Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyasının keçirildiyi haqda xəbər təkzib olunub

Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyasının keçirildiyi haqda xəbər təkzib olunub
# 07 noyabr 2013 15:53 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyalarının keçirildiyi haqda “modern.az” saytında dərc olunmuş məlumatla bağlı səfirlik tərəfindən rəsmi açıqlama yayılıb.

APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, səfirliyin qarşısında hər hansı aksiya keçirilməyib və səfirin müavini Qüdsi Osmanov da bununla əlaqədar hansısa açıqlama və ya şərh verməyib: “Bu informasiya Rusiyada miqrantlar, o cümlədən azərbaycanlılar ətrafında yaranmış mürəkkəb situasiyanın daha da gərginləşdirilməsinə yönəlmiş növbəti siyasi provokasiyadır. Səfirlik təəssüf edir ki, bəzi vicdansız jurnalistlər Azərbaycanın Rusiyadakı səfirliyinin işini pozmağa çalışan və ümumən Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərə neqativ təsir göstərmək istəyən müəyyən qüvvələrin əlinə oynayır”.

Məsələyə münasibət bildirən “modern.az” saytının baş redaktoru Elşad Eyvazlı APA-ya açıqlamasında deyib ki, müəllifin qohumları Rusiyada yaşayır və xəbər onların verdikləri informasiya əsasında yazılıb: “Bu, hansısa rəsmi məlumat deyil. Sadəcə, orada yaşayan azərbaycanlılar belə deyiblər. Biz informasiyanı vermişik, artıq onun necə dəyərləndirməsi onların öz işləridir. Məlumat yanlış olacaqsa, təkzib veriləcək, düz olacaqsa, olduğu kimi qalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR