Avropa Birliyi İranla danışıqlara hazırdır

Avropa Birliyi İranla danışıqlara hazırdır
# 07 sentyabr 2013 01:18 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “İran rəsmiləri ilə tezliklə görüşməyə hazırıq”. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann deyib. Onun sözlərinə görə, İran prezidentinin nüvə müzakirələrinin aparılması ilə bağlı səlahiyyəti ölkənin Xarici İşlər Nazirliyinə verməsindən xəbərdardırlar: “Biz tezliklə İranla nüvə müzakirələrini başlamağa hazırıq”.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin tezliklə keçirilməsini istəyib: “İranın “altılıq” ölkələrilə nüvə müzakirələrini aparacaq nümayəndə heyətini müəyyənləşdirməməsi narahatlılıq doğurur. Eyni zamanda növbəti görüşün yeri və tarixinin müəyyənləşdirilməməsi bizi narahat edir. Bu səbəbdən rəsmi Kremli tərəfləri görüş yerini və tarixini müəyyənləşdirməyə çağırır. Hər iki tərəf bu istiqamətdə səylərini əsirgəməməlidir. Çünki vaxt azdır”.

Eyni zamanda Çinin BMT-dəki nümayəndəsi Vanq Min İranın danışıqlar masası arxasında müzakirələr aparmaq üçün yaxşı bir ölkə olduğunu söyləyib: “İranın nüvə məsələsində yaşanan mövcud problemin aradan qaldırılmasının yeganə yolu siyasi danışıqlardır. İndiki çətin mühitdə tərəflərin İranla nüvə məsələsində danışıqlar masası arxasına əyləşmələri məntiqli və ən doğru yol olacaq”. Çinli diplomat həmçinin deyib ki, ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları bölgəni çıxılmaz böhrana sürükləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR