Turizm İnstitutunun rektoru: “Bizdə xaricdən fərqli olaraq ofisiantlıq peşəsinə dırnaqarası baxırlar” - MÜSAHİBƏ

Turizm İnstitutunun rektoru: “Bizdə xaricdən fərqli olaraq ofisiantlıq peşəsinə dırnaqarası baxırlar” - <span style="color: red;">MÜSAHİBƏ
# 19 may 2014 09:16 (UTC +04:00)

Bakı-APA. Cəfər Cəfərov - 1960-cı ildə anadan olub. M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini və aspiranturanı bitirib. 1987-ci ildə namizədlik dissertasiyası müdafiə edərək Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlayıb. BDU-da böyük laborant, “Azərbaycan tarixi” kafedrasının müəllimi, baş müəllim, tarix üzrə ixtisaslaşmış Doktorluq Şurasının elmi katibi, tarix fakültəsinin dekan müavini vəzifələrində çalışıb.

1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin direktoru olub. 5 iyul 2006-cı il tarixində Azərbaycan prezidentinin sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun rektoru vəzifəsinə təyin edilib. Tarix elmləri doktorudur.

Azərbaycanda və xaricdə keçirilmiş 50-dən çox beynəlxalq seminar, konfrans və simpoziumun iştirakçısı, 50-yə yaxın elmi əsərin müəllifidir.

- Turizm İnstitutunda kadr hazırlığı prosesini neçə dəyərləndirirsiniz? Hazırlanmış kadrların sonrakı əmək fəaliyyətləri sizi qane edirmi?

- Azərbaycan Turizm İnstitutu 8 ildir fəaliyyət göstərir. Bu müddət ərzində bizim 774 məzunumuz olub. Onlardan 80 nəfərə yaxını həm bizim, həm də tərəfdaş universitet olan Avstriya Tətbiqi Elmlər Universitetinin diplomunu alıblar. Bu gün həmin məzunlarımız sənayenin ən müxtəlif sahələrində, əsasən də turizm sektorunda çalışırlar. Azərbaycanda turizmin inkişaf mərhələsi ilə bağlı çoxlu sayda otellərin fəaliyyətə başlaması səbəbindən kadr aclığı hiss olunmaqdadır. Buna görə də məzunlarımız digər ölkələrdə olan həmyaşıdları ilə müqayisədə bir qədər üstün vəziyyətdədir. Güman edirəm ki, turizm əmək bazarında olan belə vəziyyət bir neçə il də davam edəcək. Bizim tələbə və məzunlarımızla mütəmadi əlaqələrimiz var. Onların "Məzunlar Assosassiyası" var, bu cəmiyyət vasitəsi ilə mütəmadi olaraq bir-biriləri ilə, eyni zamanda bizimlə əlaqə saxlayırlar. Güman edirəm ki, bu tələbələr 3-5 il ərzində işlədikləri yerdə daha önəmli yerlər tutmaqla Azərbaycan turizminin əhəmiyyətli dərəcədə inkişaf etməsinə köməklik göstərəcəklər. Biz vaxtı ilə 200 tələbə ilə 3 ixtisas üzrə tədrisə başlamışdıq. Lakin bu gün ATİ-də 11 ixtisas üzrə bakalavr təhsili, 15 ixtisas üzrə isə magistr təhsili verilir. Artıq 3-cü ildir ki, İnstitutda doktorantura şöbəsi fəaliyyət göstərir, hər il bura 10 nəfərdən artıq doktorant və dissertant qəbul olunur. Eyni zamanda Turizm İnstitutunun peşə məktəbi vardır ki, bu məktəb peşə sahəsi üzrə kadr hazırlığı həyata keçirir.

- Turizm sektorunda çalışan insanlar arasında ixtisaslı kadrların ümumi nisbətdə payı nə qədərdir?

- Bizim 774 məzunumuz turizm bazarı ehtiyaclarının çox az bir hissəsini təmin edir. Əslində “Lisenziyalaşma haqqında” qanuna əsasən hər hansı bir turizm müəssisəsində konkret ixtisaslı kadrların sayı müəyyən faizdən az olarsa, onlara lisenziya verilmir. Qeyd edim ki, bu qanunu bir neçə il öncə tətbiq etmək mümkün deyildi, çünki, ixtisaslı kadrların sayı da o qədər çox deyildi. Bizim kadrların əmək bazarına daxil olması ilə artıq bu qanunun tətbiqi mümkündür. Apardığımız hesablamadan aydın olur ki, on il bundan əvvəl ölkə turizminin vəziyyəti ilə müasir göstəricilərin müqayisəsi bizə bu tendensiyanı izləməyə imkan verir. Həmin dövr üçün olan ehtiyaclarla bugünkü kadr hazırlığımız çox fərli bir rəqəmlər verir. Bu səbəbdən də biz turizm sahəsində kadr hazırlığını daha da genişləndirməklə bağlı müəyyən təkliflər irəli sürmüşük. İnstitutun maddi bazasını genişləndirmək, buna müvafiq olaraq tələbə sayını artırmaq və s. Bu gün əslində ehtiyac çoxalır. Hər il məzunların sayı artır. Lakin bütün bunlar ölkənin turizm bazarının ehtiyaclarını tam ödəməyə kifayət etmir. Bunun üçün bizə zaman lazımdır. Hazırda ATİ-də fəaliyyət göstərən müəllimlərin əksəriyyəti turizm sahəsi üzrə ixtisası olmayan kadrlardır. Gələcəkdə institutu bitirən tələbələrimizin burada müəllim kimi fəaliyyət göstərməsi qarşıya məqsəd qoyulub. Xüsusilə də beynəlxalq proqramda təhsil alan tələbələrin bu işə cəlb edilməsini istərdik.

- Azərbaycan Turizm İnstitutunu bitirən tələbələrə təyinat verilməsi mümkündürmü? Bu sistemin tətbiqində hansı maneələr var?

- Ali məktəbi bitirən tələbələrə təyinat verilməsi məsələsi planlı iqtisadiyyata aid olan bir məsələdir. İndi əmək bazarının ehtiyacları var, həmin ehtiyacı ödəmək üçün əmək bazarında öz təkliflərini irəli sürən ayrı-ayrı şəxslər var. Hazırda biz bu məsələ üzərində ciddi araşdırma aparırıq ki, işə götürənlə işə götürülən arasında körpünü necə yaradaq. İşə götürən işçi axtardıqda birbaşa ixtisaslı kadrlara müraciət edə bilsin. Hazırda sənaye müəssisələri və böyük otellər ilə birbaşa əlaqələr saxlayırıq ki, tələbələrimizin iş imkanlarına müsbət təsir etsin. Biz bu əlaqələri daha genişləndirməyi düşünürük. Belə ki, gələcəkdə Turizm İnstitutunun idarəçilərdən ibarət Direktorlar Şurasını yaratmağı nəzərdə tuturuq. Hansı ki, bu qurum vasitəsi ilə öz məzunlarımızın iş imkanlarının təmin edilməsinə birbaşa köməklik göstərmiş olarıq. Bu sahədə biz Mədəniyyət və Turizm Nazirliyindən dəstək gözləyirik. Düzdür, burada bir məqam var ki, nazirlik büdcə təşkilatıdır və onların yardımı kifayət etməyə bilər. Lakin düşünürük ki, yaradılacaq qurumun tərkibinə əgər iri turizm şirkətlərinin nümayəndələrini daxil etsək, o zaman bu problemin həllinə yardım etmiş olarıq.

- Turizm sahəsində təhsil almış insanlar niyə özəl sektorda işləməyə üstünlük verirlər?

- Bu tək bizim deyil, bütün ali təhsil müəssisələrinin problemidir. İlk növbədə əmək haqqının artırılması barədə düşünülməlidir. Bizim ali məktəbdə elmi tədqiqat bölməsi var. Orada il ərzində 30-dan artıq layihə həyata keçirilir. Əvvəlcə həmin layihələr üçün maliyyə dəstəyi müəyyən edilir və bundan sonra orada işləyən kadrlar beyinlərinin məhsulu müqabilində əlavə əmək haqqı alırlar. Təbii ki, bu, bir qisim müəllimlərdir. Əslində gücümüz çatan dərəcədə onlara dəstək olmağa çalışırıq, ancaq hesab edirəm ki, müəllimlərin sosial təminatını yaxşılaşdırmaq üçün daha çox imkanlar olmalıdır. Eyni zamanda təhsil müəssisələrinin maddi texniki bazasını gücləndirmək vacibdir. Xaricdən ekspert və mütəxəssislərin də dəvət edilməsi qarşıda duran məsələlərdən biridir. Bunun üçün də yenə maliyyə vəsaiti olmalıdır. Bu, davamlı inkişaf edən bir prosesdir.

Bununla yanaşı milli proqram çərçivəsində bu il ilk dəfə olaraq 20 nəfərlik ingilis dilli qrupu ayrılıb ki, onların da gələcəkdə sayının artırılması nəzərdə tutulur. İxtisaslı kadrların əmək haqqı məsələsinə gəlincə deyə bilərəm ki, bu, müxtəlifdir. 1000 manatdan 3000 manata kimi əmək haqqı alan məzunlarımız var. Buna görə də həmin məzunların az əmək haqqına təhsil müəssisəsində qalıb işləməsi bir qədər qeyri-mümkündür. Düşünürəm ki, bu problemin həlli istiqamətində təkliflər irəli sürüləcək. Əslində bu, vacib şərtlərdən biridir. Çünki qarşıda duran vacib məsələlər sırasında öz məzunlarımızın burada-təhsil ocağında fəaliyyət göstərməsi xüsusi yer alıb.

- Bir çox hallarda müştərilər turizm obyektlərində xidmətin keyfiyyətindən narazıdır. Bu narazılığı nə dərəcədə haqlı sayırsınız və səslənən iradlar nədən qaynaqlanır?

- İnsan elə yaranıb ki o heç vaxt nədənsə tam razı olmur. Xüsusilə də xidmət sahəsində narazılıqlar hər zaman var. Əgər söhbət müqayisədən gedirsə, o zaman deyə bilərəm ki, Azərbaycan turizmində sürətli irəliləmələr var. Ancaq hamı istəyir ki, bu inkişaf daha tez olsun. Ötən gün biz dünyanın ən məşhur turizm universitetlərindən biri olan İsveçrənin Leroş Universitetinin rektoru və nümayəndə heyəti ilə görüş keçirdik. Onların ilk sözü Azərbaycanın xüsusilə də paytaxtın sürətli inkişafı ilə bağlı idi. Bu nümayəndə heyəti bütün dünyanı gəzir və apardıqları müqayisəyə əsasən bildirirlər ki, Avrasiya məkanında bu dərəcədə inkişafı heç bir ölkədə görməyiblər. Bu, təbii ki, bizi sevindirən bir məqamdır.

Eyni inkişaf xidmət sahəsində də var. Hesab edirəm ki tendensiya yaxşıya doğru gedir. Əslində bu gün qeyri peşəkarların peşəkar təhsil alması, təcrübə keçməsi üçün bizim peşə məktəbimiz var. Burada istənilər xidmət sahəsi ilə bağlı xüsusi proqram əsasında təhsil alıb peşəkar ola bilərlər. Ancaq təəssüf ki, mövsümi xidmət sahələrində qeyri-peşəkarlar daha çox fəaliyyət göstərir. Dediklərimizə misal olaraq deyə bilərəm ki, ofisiant xidməti üzrə çalışan şəxslər xarici təcrübədə orta yaşlı və ya yaşlı insanlardır. Bu peşə xarici dövlətlərdə daha müsbət qəbul edilən bir xidmət sahəsidir. Bizdə isə bu peşəyə nədənsə dırnaqarası baxırlar, üç-beş günlük çalışırlar və mövsüm bitdikdən sonra sahələrini dəyişirlər. Hələ də bu sahədə bazar sona kimi təkmilləşməyib. Hesab edirəm ki, hər hansı bir marka, hər hansı bir xidmət sahəsi fəaliyyət göstərdiyi obyektin ətrafında yaşıllıq və ya gül çiçək salırsa, ətrafda istirahət üçün xüsusi yerlər hazırlayırsa, bununla paralel olaraq xidmət personalına da xüsusi diqqət ayırmalıdır. Sahibkarlar əslində "mənə xeyir gəlsin, ətrafa hər hansı bir ziyanın dəysin" prinsipi ilə işləməməlidir. Onların hər hansı bir neqativ addımı bütün ölkə turizminin adına yazılır. Çünki bu gün bizim ölkənin tanıdılması məsələsi ön plandadır. Turizm əslində iqtisadiyyat sahəsidir, Azərbaycan şəraitində inkişaf etməkdə olan bir sahədir. Konkret olaraq gəlir gətirməli ola bilən bir sahədir. Əslində bu gün şüurlarda bir dəyişiklik etmək lazımdır. İnsanlar düşünməlidir ki, bu sahədən mənim ölkəm gəlir əldə edir. Bu gəlir isə ölkənin büdcəsinə daxil olur. Əgər ölkənin büdcəsi çoxalırsa, o zaman fərd olaraq ayrı-ayrı insanlara da buradan pay düşür. Bu, önəmli bir məsələdir. Bütün bunları əldə etməyimiz üçün isə bu sahədə peşəkar insanların fəaliyyət göstərməsi lazımdır.

- 2015-ci il I Avropa Olimpiya oyunları çərçivəsində ATİ tələbələrinin turizm və ya otelçilik sahəsində təcrübə toplaması mümkündürmü?

- Bu tip tədbirlərin əksəriyyəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirildiyindən biz də bu istiqamətdə mühüm işlər görürük. Əslində ATİ fəaliyyətə başlayan gündən tələbələrimiz bir sıra beynəlxalq tədbirlərdə təcrübə keçiblər. Burada bir məsələni xüsusi qeyd edim ki, tələbələrin fəaliyyəti dərs prosesinə mane olmadan həyata keçirilir. Əgər tələbələr 10 gün təcrübəyə göndərilirsə, o zaman mütləq həmin günlərin əvəzinə dərslər keçirilir. Nəzərə alsaq ki, təcrübə keçmək tələbələrə nəzəri biliklər qədər vacibdir, o zaman biz bunu nəzər alıb 6-cı semestri bütünlüklə təcrübə proqramına həsr etmişik. Bununla yanaşı tanışlıq təcrübəsi də var ki, yay aylarında tələbələr müəyyən otellərə göndərilib orada sırf ixtisasları üzrə təcrübə keçirlər. 2015-də keçiriləcək Avropa Olimpiya oyunlarına da indidən artıq hazırlıqlar başlanılıb. Tələbələrimiz kollektiv şəkildə bu tədbirlərə qatılaraq müəyyən beynəlxalq təcrübə eldə etmiş olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR