Gürcüstanda yüksək gərginlikli enerji xəttinin açılış mərasimi keçirilib

Gürcüstanda yüksək gərginlikli enerji xəttinin açılış mərasimi keçirilib
# 11 dekabr 2013 13:27 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanda Samtsxe Cavaxetiyanın Axaltsixe bölgəsində yüksək gərginlikli stansiyanın açılış mərasimi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, mərasimdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Azərbaycanın energetika naziri Natiq Əliyev, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız çıxış ediblər.

İ.Qaribaşvili yeni istifadəyə verilən “Qara dəniz enerji daşıyıcıları şəbəkəsi” layihəsi çərçivəsində 550/400/220 kilovoltluq yarım stansiya və 400 kilovoltluq elektrik xəttinin istifadəyə verilməsi münasibətlə hamını təbrik edib və layihənin yerinə yetirilməsini vacib hadisə adlandırıb: “Biz Azərbaycan və Türkiyədən olan tərəfdaşlarımızla birlikdə ölkəmizin enerji sistemini birləşdirdik. İndi Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü Azərbaycandan ixrac edilməklə Gürcüstana və Türkiyəyə daha sonra Avropaya ötürüləcək”.

Tədbirdə çıxış edənlər layihənin istifadəyə verilməsinin region üçün əhəmiyyətli olduğunu bildiriblər. Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib ki, Cənub enerji dəhlizini və neft kəmərlərini birləşdirən üç ölkə daha da güclənəcək. Nazirin sözlərinə görə, Gürcüstan bu layihəyə 250 mln. avro vəsait yatırıb. “Enerji körpüsü” adlanan layihəyə görə Türkiyəyə 1200 MVt, Avropaya isə hər il 2 min MVt-dək elektrik enerjisi ötürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR