Füzuli rayonunun 22 yaşayış məntəqəsinin və Horadizin erməni işğalından azad edilməsinin 20 illiyi münasibətilə tədbir keçirilib - FOTO

Füzuli rayonunun 22 yaşayış məntəqəsinin və Horadizin erməni işğalından azad edilməsinin 20 illiyi münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTO
# 05 yanvar 2014 20:31 (UTC +04:00)

APA-nın məlumatına görə, Horadiz əməliyyatının ildönümü münasibəti ilə 702 saylı hərbi hissənin keçmiş döyüşçüləri və komandir heyətinin iştirakı ilə Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

702 saylı briqadanın veteranları əvvəlcə əməliyyat zamanı şəhid olmuş hərbi hissənin zabiti, Azərbaycanın Milli Qəhrəmanı Elxan Zülfüqarovun məzarını ziyarət ediblər. Milli Qəhrəmanın məzarı önündə keçirilən mərasimdə çıxış edən 702 saylı hərbi hissənin sabiq komandiri, polkovnik Şair Ramaldanov Horadiz əməliyyatının Azərbaycanın hərb tarixində özünəməxsus yer tutduğunu deyib.

Döyüşlərdə 702 saylı hərbi hissə ilə yanaşı, Daxili Qoşunların, sərhədçilərin, polislərin də yaxından iştirak etdiyini deyən polkovnik Ş. Ramaldanov əməliyyatın ilk günü 22 yaşayış məntəqəsinin düşməndən azad edildiyini, ermənilərin çox sayda canlı qüvvə, hərbi texnika itirdiyini vurğulayıb: “Bizim briqada ümummilli lider Heydər Əliyevin çağırışından sonra könüllülərlə komplektləşdirildi və döyüşlərə başladı. Bu döyüş Azərbaycan əsgərinin nəyə qadir olduğun göstərdi. Bu döyüşdə şəhid olan yoldaşlarımızın qanı yerdə qalmadı. Onların qanı hesabına Füzuli rayonun 22 yaşayış məntəqəsi azad edildi”.

Ş. Ramaldanov qeyd edib ki, keçmiş döyüşçülər Ali Baş Komandanın əmri ilə yenidən silahlanaraq Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmağa hazırdır: “Biz şəhidlərimizin qisasını alacağıq. Bunu unutmamışıq”.

Tədbirdə çıxış edən 702 saylı hərbi hissənin sabiq komandir müavini Üzeyir Cəfərov Horadiz əməliyyatının ildönümünün qeyd olunmasının artıq ənənəyə çevrildiyini bildirib: “Bu əməliyyat öyrənilməli və gənc nəslə təqdim olunmalıdır. Horadiz əməliyyatı I Qarabağ müharibəsində Azərbaycan Ordusunun uğurla reallaşdırdığı ən böyük əməliyyatlardan biridir”.

Tədbirdə çıxış edən hərbi hissənin sabiq komandir müavini Tariyel Qəhrəmanov və digərləri Horadiz əməliyyatının planının qurulması, həyata keçirilməsindən, Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Tədbir iştirakçıları daha sonra II Şəhidlər xiyabanında dəfn olunmuş döyüş yoldaşlarının məzarlarını ziyarət ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR