AŞPA prezidenti parlamentdə təmsil olunan partiyaların liderləri ilə görüşüb

AŞPA prezidenti parlamentdə təmsil olunan partiyaların liderləri ilə görüşüb
# 27 may 2013 15:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jan-Klod Minyon Milli Məclisdə təmsil olunan siyasi partiyaların liderləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı və Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı iştirak ediblər.

Görüş zamanı M. Qurbanlı bildirib ki, Azərbaycan Avropa Şurası ilə əlaqələrin genişləndirilməsində maraqlıdır.

A. Mollazadə deyib ki, siyasi baxışından asılı olmayaraq Azərbaycanda hər kəs Avropaya inteqrasiyanın tərəfdarıdır.

S. Rüstəmxanlı isə Avropa təşkilatlarını sərt tənqid edib. O qeyd edib ki, belə görüşlərin ənənəvi hal alması yaxşı hal olsa da, təəssüf ki, bunlar hər dəfə tanışlıq xarakteri daşıyır. Azərbaycanda ən vacib məsələnin Dağlıq Qarabağ probleminin həlli olduğunu nəzərə çatdıran S. Rüstəmxanlı bəyan edib ki, Ermənistan daim Rusiyanın əlində müstəqillik əldə etmək istəyənlərin qarşısına atılan daşdır: “Bu məsələdə AŞ PA, Avropa təşkilatları daha çox diqqətli olmalıdırlar”. O, Minsk Qrupunu turist təşkilatı adlandıraraq qurum üzvlərini fəaliyyətsizlikdə günahlandırıb.

İ. İsmayılov Azərbaycanın AŞPA-ya üzvlüyündən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən və Minsk Qrupunun fəaliyyətsizliyindən söz açıb.

İ. Ağazadə isə bu il Azərbaycanda prezident seçkiləri ili olduğunu xatırladaraq AŞ PA-nı Azərbaycanla daha sıx əməkdaşlığa çağırıb. O qeyd edib ki, Avropa Şurası seçki qanunvericiliyi, sərbəst toplaşma azadlığı, siyasi məhbusla bağlı problemlərin həllində yaxından iştirak etməlidir: “Çünki bütün bu hallar indi Azərbaycanda yaşanmaqdadır”.

F. Ağamalı da çıxışında Dağlıq Qarabağ məsələsinə toxunaraq Azərbaycanın sabah qeyd edəcəyi Cümhuriyyət gününün tarixindən bəhs edib.

F. Mustafa Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağla bağlı sülhyönümlü fəaliyyətin müəyyən qədər əleyhinə olduğunu bildirərək deyib ki, artıq sülh siyasətinin dalana dirəndiyi görünür: “İşğalçı dövlətin AŞ Nazirlər Kabineti kimi quruma rəhbərlik etməsi heç bir əxlaq normalarına uyğun gəlmir. Ümid edirik ki, siz də bu məsələdə qəti mövqe ortalığa qoyacaqsınız”.

Jan Klod Minyon verilən məlumatların bir hissəsinin onun üçün yeni olduğunu və buna görə partiya liderlərinə minnətdarlığını bildirib. O, siyasi təşkilatlarla qeyd olunan bütün kontekstlərdə əməkdaşlığa hazır olduqlarını bildirib.

AŞPA prezidentinin bundan sonrakı çıxışı və görüşün davamı mətbuata qapalı formada davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR