TQDK: Sınaq imtahanında abituriyentlərdən birində xüsusi elektron qurğu aşkar edilib

TQDK: Sınaq imtahanında abituriyentlərdən birində xüsusi elektron qurğu aşkar edilib
# 13 may 2013 16:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mayın 12-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən sınaq imtahanlarında bəzi abituriyentlər köməkçi vasitələrdən istifadə etməyə cəhd ediblər. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 12-də keçirilən növbəti sınaq imtahanında abituriyentlərdən birində müxtəlif imtahan fənləri üzrə konspekt yerləşdirilmiş xüsusi elektron qurğu aşkar edilib: “Təəssüf hissi ilə qeyd edirik ki, bəzi abituriyentlər bu imtahanlara köməkçi vasitələr keçirməyə çalışır və onlardan istifadə etməklə imtahan nəticələrini süni şəkildə artırmağa cəhd göstərirlər. Unutmaq lazım deyil ki, sınaq imtahanlarının nəticələri ali məktəblərə qəbul olmaq üçün hər hansı rola malik deyil. Bu sınaqlar yalnız abituriyentlərə özlərini real imtahan şəraitində hiss etmək, qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək kimi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilir. Odur ki, abituriyentlərə öz imtahan nəticələrini bu kimi üsullarla süni surətdə artırmaqla özlərini və yaxınlarını aldatmamağı tövsiyə edirik. Bundan başqa, qəbul imtahanlarında belə halların aşkarlanması həmin abituriyentin imtahan nəticəsinin ləğvi və onun barəsində daha ciddi inzibati tədbirlərin görülməsi ilə nəticələnəcək”.

TQDK abituriyentlərin nəzərinə bir daha çatdırır ki, imtahan binasına köməkçi vasitələri gətirmək və onlardan istifadə etmək qəti qadağandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR