İran XİN rəhbəri: “ABŞ İranın nüvə proqramını tam aradan qaldırmağın tərəfdarıdır”

İran XİN rəhbəri: “ABŞ İranın nüvə proqramını tam aradan qaldırmağın tərəfdarıdır”
# 03 fevral 2014 10:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında əldə olunmuş son razılaşma çərçivəsində sentrifuqalarla bağlı araşdırmalar dayandırılmayacaq və bu məsələ heç kimlə müzakirə edilməyəcək”.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, müxtəlif nüvə proqramları ilə bağlı keçiriləcək müzakirələrə texniki məsələlərin daxil edilməsi mümkün deyil.

M.C.Zərif deyib ki, İrana qarşı tətbiq edilmiş bəzi sanksiyaların təxirə salınması daha çox psixoloji tərəfdən öz təsirini göstərib: “Yəni İran iqtisadiyyatına heç bir təsir göstərməyib və konkret olaraq ticarətdə hansısa bir dəyişiklik baş verməyib. Əgər bəziləri İranın sanksiyalar səbəbindən müzakirə masası arxasına oturduğunu hesab edirsə, bu böyük bir səhvdir. Çünki İrana qarşı sanksiyalar tətbiq edilməyə başladığı zaman bizim yalnız 200-ə qədər sentrifuqamız var idi. Ancaq bu gün on ildir davam edən sanksiyalardan sonra İranın 19 min sentrifuqası mövcuddur və nüvə texnologiyamız da yerli istehsaldır”.

İran xarici işlər naziri həmçinin vurğulayıb ki, ABŞ ölkəsinin nüvə fəaliyyətləri məsələsində çıxılmaz durumdadırlar: “Çünki onlar İranın nüvə proqramını tamamilə aradan qaldırmağın tərəfdarıdırlar. Qərbin İran xalqının etimadını qazanması lazımdır. Çünki İran xalqında ABŞ-a qarşı çox böyük inamsızlıq hökm sürür. Bunun aradan qaldırılması lazımdır. Onda ikitərəfli əlaqələrin yaxşılaşa biləcəyinə ümidlə baxıla bilər”.

M.C.Zərif bildirib ki, İran hökuməti dünya ictimaiyyəti ilə qarşılıqlı hörmət çərçivəsində konstruktiv bir əməkdaşlığın tərəfdarıdır: “İran konstruktiv əməkdaşlığa söykənən əlaqələrə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Oman və Küveyt kimi qonşularından başladı”.

İran xarici işlər naziri ölkəsinin Səudiyyə Ərəbistanı ilə əlaqələrinə də toxunub: “Rəsmi Tehran və ər-Riyadın ortaq hədəfləri var və bu da bölgənin təhlükəsizliyi məsələsidir. Ancaq Səudiyyə Ərəbistanı rəsmilərinə də terrorçuları dəstəkləməklə bu təhlükəsizlik məsələsinin təmin edilə bilməyəcəyini də xatırlatmaq lazımdır”.

Eyni zamanda M.C.Zərif ABŞ dövlət katibi Con Kerri ilə Münhen şəhərində keçirdiyi görüşə də aydınlıq gətirib: “Bu təklif qarşı tərəfdən gəldi. Görüşdə İranla “altılıq” ölkələri arasındakı növbəti müzakirələri ilə yanaşı, nüvə məsələsi və irəlidəki mərhələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ümumi mövzulara daxil olmaq üçün bir sıra məsələlərin əvvəlcədən görüşülməsi faydalı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR