Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak edib

Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak edib
# 16 sentyabr 2013 08:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dalyan şəhərində (Çin) Dünya İqtisadi Forumunun VII illik iclası keçirilib. «Yay Davosu» hesab edilən iclasda 90-dan çox ölkədən 1 600-ə yaxın nümayəndə, o cümlədən hökumət rəsmiləri, nazirlər, regional təşkilatların və iri şirkətlərin rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər. Forumun məqsədi dünya iqtisadiyyatının yeni elmi-texniki nailiyyətlərin və inkişaf modellərinin tətbiqi əsasında inkişaf etdirilməsi yollarının müzakirəsi olub.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Dalyanda keçirilən illik iclasda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, sənaye və energetika naziri Natiq Əliyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov və digər şəxslərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycan nümayəndə heyətinin üzvləri iclasın «Dünya iqtisadi liderlərinin qeyri-rəsmi görüşü: növbəti sərhədlərin yaradılmasına dair inkişaf», «Rəqəmli iqtisadiyyatın qorunması», «XXII əsrdə İpək Yolunun kəşfi», habelə enerji, kibermöhkəmlilik, rəqəmsal infrastrukturun çatdırılması və digər mövzulardakı müzakirələrdə çıxışlar edib, ölkəmizin dinamik inkişafı, son illər müxtəlif sahələrdə əldə olunan nailiyyətlər barədə danışıblar.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri Hakubun Şimomura, Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Su Bo, Vyetnamın informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Nquyen Hanq, Dalyan şəhər rəhbərliyi, habelə bir sıra iri şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşləri keçirib.

Görüşlərdə tərəflər arasında müvafiq sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı və genişlənməsi, beynəlxalq sərgilərdə qarşılıqlı iştirakın təmin olunması və mütəxəssislər arasında elmi mübadilənin aparılması, xarici şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunun təşviqi, habelə Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışı imkanları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR