Akademik Milli Dram Teatrının direktoru Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Akademik Milli Dram Teatrının direktoru Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
# 19 oktyabr 2013 09:10 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqası qəbul edib.

Teatrdan APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Yunanıstan teatr münasibətlərinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Akademik Milli Dram Teatrının direktoru İ.İsrafilov Azərbaycan teatrı, o cümlədən Akademik Milli Dram Teatrı haqqında ümumi məlumat verib, ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən teatrlararası beynəlxalq əməkdaşlıq layihələrinin əhəmiyyətindən danışıb, Yunanıstanın teatrları ilə daha sıx yaradıcılıq əməkdaşlığının qurulacağına ümid etdiyini bildirib. O, Azərbaycan-Yunanıstan teatr əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə konkret təkliflər irəli sürüb.

Görüşdə həmçinin yunanıstanlı məşhur teatr rejissoru Teodoros Terzopulosun Akademik Milli Dram Teatrında tamaşa hazırlaması məsələsinin detalları müzakirə olunub. Razılaşmaya əsasən, növbəti mövsümdə Teodoros Terzopulosun Akademik Milli Dram Teatrının səhnəsində tamaşa hazırlaması planlaşdırılır.

Səfir Azərbaycan teatrlarının, o cümlədən Akademik Milli Dram Teatrının dünya teatrları ilə beynəlxalq əməkdaşlıq əlaqələri qurmaq cəhdini yüksək qiymətləndirdiyini və bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR