Bir qrup jurnalist və incəsənət xadimi Azərbaycan prezidentini Avropaya inteqrasiya kursundan imtina etmək barədə düşünməyə çağırıb

Bir qrup jurnalist və incəsənət xadimi Azərbaycan prezidentini Avropaya inteqrasiya kursundan imtina etmək barədə düşünməyə çağırıb
# 18 oktyabr 2013 13:51 (UTC +04:00)

APA-nın xəbərinə görə, müəlliflər bildiriblər ki, Azərbaycanın bu sammitə dəvət olunması “obyektiv narahatlıq” doğurub: “Bu tərəfdaşlıq düşünməyə məcbur edir - əgər biz Brüssellə bu cür ciddi yaxınlaşmaya gediriksə, nəyin müqabilində? Bu gün sosial-iqtisadi problemlərin bütün ağırlığını öz üzərində hiss edən birləşmiş Avropa bizim respublikamıza bundan sonrakı siyasi-iqtisadi inkişafın effektiv yollarını təklif edə bilərmi? Tərəfdaşlıq əgər sağlam və bərabər səviyyəlidirsə, o, bütün tərəflərdən ciddi yanaşma və bir-birinin mövqeyinə hörmət tələb edir. Lakin son vaxtlar Avropa Birliyi-Azərbaycan dialoqundakı tərbiyəçi və öyüdverici ton bizdə narahatlıq doğuran meylə çevrilməkdədir”.

Məktubda deyilir ki, “Şərq tərəfdaşlığı” proqramının məqsədi AB-nin keçmiş SSRİ-nin 6 respublikası ilə müəyyən prioritetlər çərçivəsində inteqrasiyasına yönəlmiş əməkdaşlıqdır, lakin Avropa yalnız onun özünü maraqlandıran aspektlərə üstünlük verməklə “seçici” yanaşma nümayiş etdirir: “Sabitliyin təmin olunması, enerji təhlükəsizliyi və insanlar arasında əlaqələrin inkişafı məsələlərində AB lazımi ardıcıllığı göstərmir və zaman-zaman hətta vacib operativ qərarların qəbulunda tormozlayıcı faktor rolunda çıxış edir. Demokratik inkişaf məsələsində isə avropalı tərəfdaşlar tez-tez yersiz öyüdverici ritorikaya əl atırlar. Qeyd etmək istərdik ki, bu inteqrasiya təşəbbüsünün mərkəzi subyekti olan Azərbaycan olmadan proses unudulmağa məhkumdur, çünki ölkəmizin “Şərq tərəfdaşlığı”ndan çıxması heç şübhəsiz, domino effektinə səbəb olar, nəticədə Avropanın Avrasiya məkanında təsir sferası ciddi şəkildə daralar”.

Müraciət müəlliflərinin fikrincə, AB Dağlıq Qarabağ məsələsində ikili standart və qeyri-obyektiv münasibət nümayiş etdirir və Bakını erməni təcavüzünün nəticələri ilə barışmağa məcbur etmək istəyir. Onlar Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələsinin havada qalmasını, eləcə də Xəzər qazının Avropaya çatdırılması ilə bağlı layihələrin dəstəklənməsində avropalı tərəfdaşların qərarsızlığını AB-nin boş vədləri kimi qiymətləndiriblər: “Vətəndaşların bank hesablarından çıxarış tələb edən mövcud viza sistemi kobud insan haqları pozuntusudur. Avropanın bir sıra nüfuzlu dairələrinin Azərbaycana bu cür təkəbbürlü münasibəti Brüsselin xeyrinə seçim etmək üzərində ciddi düşünməyə vadar edir”.

Müraciəti imzalayanlar yekunda xatırladıblar ki, yaxın keçmişdə Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük üçün ərizə verən Bakı bu beynəlxalq iqtisadi struktur tərəfindən tam dəstək və anlayışla qarşılanıb.

Qeyd edək ki, müraciətə “1news.az” informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyev, “New Baku Post” qəzetinin redaktoru Tofiq Abbasov, əməkdar incəsənət xadimi Akif Məlikov və müstəqil jurnalist Həmid Həmidov imza atıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR