İtaliyalı geoloqlar Azərbaycanın şərqində geodinamik vəziyyəti öyrənir

İtaliyalı geoloqlar Azərbaycanın şərqində geodinamik vəziyyəti öyrənir
# 01 may 2014 16:38 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İtaliyalı geoloqlar azərbaycanlı həmkarları ilə Azərbaycanın şərqində geodinamik vəziyyəti öyrənir. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq Akademiyanın Geologiya və Geofizika İnstitutunun Geodinamika və Seysmologiya şöbəsinin dəvəti ilə İtaliya Ekoloji Təhlil Metodologiyaları İnstitutu Milli Tədqiqat Şurasının (CNR) mütəxəssisi Luçiano Teleska Azərbaycana gəlib. O, Şəkidə yerləşən Qravitasiya və GPS (Qlobal Yertəyinetmə Sistemi) stansiyaları ilə tanış olub və birgə tədqiqat imkanları araşdırılıb.


Tədqiqatlarda məqsəd yüksək geodinamikliyi ilə seçilən Şəki-Zaqatala bölgəsində müntəzəm qravimetrik siqnalları və GPS texnologiyaları vasitəsi ilə əldə edilən məlumatları statistik metodla tədqiq etməkdir. Nəticədə anomal effektlərin dəyişmə parametrləri və ümumi geodinamik vəziyyət haqqında məlumatlar əldə olunacaq. Bu üsulun digər regionlarda da tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, işlər AMEA və İtaliyanın Elmi Tədqiqat Şurasının 2014 və 2015-ci illəri əhatə edən əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR