Hüseyn Cavidin Ev Muzeyinə yeni nadir eksponatlar daxil olub - FOTO

Hüseyn Cavidin Ev Muzeyinə yeni nadir eksponatlar daxil olub - <span style="color: red;">FOTO
# 17 iyun 2014 09:21 (UTC +04:00)

Bakı - APA. AMEA Hüseyn Cavidin Ev Muzeyinə Hüseyn Cavidin böyük qardaşı və ilk ana dili müəllimi olan Şeyx Məhəmməd Rasizadəyə məxsus 45-dən çox nadir nüsxə kitab daxil olub.

Muzeydən APA-ya verilən məlumata görə, kitabların içində ən qiymətli hesab edilənlərdən biri Hüseyn Cavidin 1916-cı ildə qələmə aldığı “Şeyda” əsərinin 1925-ci ildə “Bakı fəhləsi” mətbəəsində çapdan çıxmış təkrar nəşridir. 62 səhifədən ibarət, əski əlifba ilə çap edilmiş bu əsər muzeyin qiymətli eksponatları sırasına daxil edilib.

Bundan başqa, kitabların arasında Salman Mümtazın Hüseyn Cavidə hədiyyə etdiyi Seyid Əhməd Hafiz İsfahaninin “Tərcibənd” toplusu da diqqətəlayiqdir. Kitabın giriş səhifəsində Salman Mümtaz öz əl yazısı ilə qeyd edib: “Zərif, həssas şairimiz Hüseyn Cavid bəy cənablarına töhfeyi-həqiranəmdir. Tiflis, 3 şəvval, 1331”.

Quranın təfsiri, şəriət məsələləri, tibbi biliklər aid və ən müxtəlif mövzularda olan kitabların bir çoxu əsasən XIX-XX əsrlərdə İranda fars və ərəb dillərində çap edilib, həmin dövrdə mədrəsə təhsilində istifadə olunub. Hüseyn Cavid özü də bu zəngin ailə kitabxanasının istifadəçilərindən biri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR