Azərbaycanın turizm imkanlarını təbliğ edən “Baku Guide” bələdçi kataloqunun ilk sayı işıq üzü görüb

Azərbaycanın turizm imkanlarını təbliğ edən “Baku Guide” bələdçi kataloqunun ilk sayı işıq üzü görüb
# 08 aprel 2014 18:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanın turizm imkanlarının təbliği, ölkəyə gələn qonaqlara nümunəvi turizm xidmətinin təşkili üçün “Mədəniyyət” qəzetinin əlavəsi kimi “Baku Guide” bələdçi kataloqunun ilk sayı işıq üzü görüb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, rəngarəng foto illüstrasiyalarla zəngin olan aylıq kataloqda Bakının küçə, prospekt, meydanları, tarixi məkanlar, mədəniyyət ocaqları, rəsm qalereyaları, teatr və konsert müəssisələri, muzeylər, kitab evləri, idman və sərgi kompleksləri haqqında təfərrüatlı məlumat verilir: “Nəşrdə həmçinin ay ərzində keçirilməsi planlaşdırılan mədəni-kütləvi tədbirlər, teatr və konsert müəssisələrinin repertuarları, festivallar, sərgilər, bayramlar və s. barədə məlumatlar, eləcə də tədbirlərin keçiriləcəyi ünvan, tarix, əlaqə telefonları yer alır. Eyni zamanda, turistləri və şəhərimizi qonaqlarını maraqlandıra biləcək hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım ala biləcəkləri çağırı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda əksini tapıb. Bir sözlə, “Bakı haqqında hər şey” prinsipində hazırlanan nəşr hər ay oxucuların görüşünə gələcək, onları paytaxtımız haqqında, şəhərin mədəni və işgüzar həyatı barədə üç dildə - Azərbaycan, ingilis və rus dilində məlumatlandıracaq. Kataloq paytaxtımızın yerli və xarici qonaqları ilə yanaşı, şəhər sakinləri üçün də faydalı nəşr, dolğun məlumat mənbəyidir”.

İ. Hümbətov əlavə edib ki, ilk nömrəsi işıq üzü görən nəşrin tərtibatı və məzmunu gələcəkdə daha da zənginləşdiriləcək: “Gələn il paytaxtımızda keçiriləcək I Avropa Oyunları ərəfəsində “Baku Guide” xüsusilə böyük tirajla şəhərimizin qonaqlarına təqdim olunacaq.

Qeyd edək ki, nəşr Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görüb. Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR