Bu il Azərbaycanın dağlıq ərazilərində qar ehtiyatı ötən illə müqayisədə 50-55% azdır

Bu il Azərbaycanın dağlıq ərazilərində qar ehtiyatı ötən illə müqayisədə 50-55% azdır
# 28 mart 2014 08:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il Azərbaycanın dağlıq ərazilərində qar ehtiyatı illik normadan 30-35% aşağıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, bu məlumat martın 3-dən 14-dək Böyük və Kiçik Qafqazın, Azərbaycanın dağlıq ərazilərində aparılan qarölçmə işlərinin nəticəsində məlum olub.

Onun sözlərinə görə, qarölçmə işləri nəticəsində dağlıq ərazilərində qar ehtiyatının 2013-cü illə müqayisədə 50-55% aşağı olduğu müəyyənləşib. A.Verdiyev qeyd edib ki, buna əsasən bu il ölkə ərazisində ciddi sel daşqınlarının olacağı gözlənilmir: “Qarölçmə işlərinin əsas məqsəd ölkə ərazisində toplanan qarın sıxlığını, hündürlüyünü və sululuğunu müəyyən etməkdən ibarətdir. Bundan əlavə, Gürcüstan ərazisindəki Kür və Qanıx çayı hövzəsində qarölçmə işləri aparılıb. Orada da proses yekunlaşıb və yaxın günlərdə həmin məlumatları əldə edəcəyik. Bundan sonra aparılan hesablamalar nəticəsində aprel-may-iyun ayına gözlənilən yağıntının və temperaturun proqnozu veriləcək. Ümudünya Meteorologiya Təşkilatının 5 regional elmi mərkəzi tərəfindən rüblük, fəsillik proqnozlar verilir. Həmin fəsillik proqnozların artıq müəyyən bir hissəsini əldə etmişik. Qalanlarını da əldə edəndən sonra bütün bu məlumatlar təhlil ediləcək və aprelin əvvəllərində ölkə üzrə fəsillik proqnoz tam hazır olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR