ABŞ-ın Arkanzas ştatı Senatının binası qarşısında Azərbaycan və Türkiyə bayraqları ucaldılıb - FOTO

ABŞ-ın Arkanzas ştatı Senatının binası qarşısında Azərbaycan və Türkiyə bayraqları ucaldılıb - <span style="color: red;">FOTO
# 27 fevral 2014 06:58 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, ABŞ-ın Arkanzas ştatının paytaxtı Litl Rok şəhərində “Amerikalı və Avrasiyalıların Turkuaz Şurası” (Turquoise Council of Americans and Eurasians) adlı ABŞ türk icması təşkilatı tərəfindən Arkanzas-Türk Dünyası dostluğuna həsr olunmuş ziyafət təşkil olunub.

Tədbirdə Arkanzas ştatının dövlət katibi Mark Martin, Arkanzas ştatı Senatı və Nümayəndələr Palatasının çoxsaylı üzvləri, Arkanzas ştatından digər rəsmilər iştirak edib. Azərbaycanı tədbirdə Vaşinqtondakı səfirliyimizin müşaviri Məmməd Talıbov təmsil edib. M.Talıbov çıxışında Azərbaycanla ABŞ arasında strateji xarakter daşıyan tərəfdaşlıq, regionun liderinə çevrilmiş Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı layihələrin həyata keçirilməsində önəmli rolu barədə, həmçinin Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsi barədə danışıb. Azərbaycanlı diplomat regiondakı təhlükəsizliyə təhdid olan yeganə problemin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qaldığını vurğulayaraq, münaqişə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bu kontekstdə o, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və ölkəmizin ABŞ-la strateji əməkdaşlığına davamlı dəstəyə çağıran qətnamənin qəbul edilməsinə görə Arkanzas Senatı üzvlərinə təşəkkürünü bildirib.

Azərbaycan təmsilçisi xalqımızın 26 fevral tarixində erməni təcavüzkarları tərəfindən Xocalı şəhərinin işğalı zamanı törədilmiş qətliamın 22-ci ildönümünün qeyd etdiyini bildirərək, Arkanzas ştatının keçən il Xocalı qətliamını tanıyan ABŞ ştatlarına qoşulmasına görə tədbir iştirakçılarına minnətdarlığını bildirib. O qeyd edib ki, son zamanlar bir sıra ölkə və ABŞ ştatları tərəfindən Xocalı qətliamının tanınması ədalətin bərqərar olacağına ümid etməyə imkan verir.

Azərbaycan nümayəndəsi Arkanzas ştatı dövlət katibi, Senat və Nümayəndələr Palatasının üzvləri ilə görüşlər də keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR