Milli Kitabxanada xalq şairi Məmməd Arazın 80 illiyinə həsr olunan yubiley tədbiri keçirilib - FOTO

Milli Kitabxanada xalq şairi Məmməd Arazın 80 illiyinə həsr olunan yubiley tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 29 noyabr 2013 14:37 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında xalq şairi Məmməd Arazın 80 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq Məmməd Arazın yubiley tədbirləri davam edəcək, onun haqqında film çəkiləcək: “Məmməd Arazın şəxsiyyətini, yaradıcılığını xalqımız həmişə yüksək qiymətləndirib, onun xatirəsini əziz tutub. Məmməd Araz xalqın, vətənin hər daşını, qayasını necə ürəklə sevirdisə, xalq da onun poeziyasını, şeirlərini həmin böyük məhəbbətlə sevir”.

Millət vəkili Nizami Cəfərov Məmməd Arazı Azərbaycan poeziyasında müəllim zirvəsinə ucalan nadir şəxsiyyətlərdən, bənzərsiz şairlərdən biri kimi dəyərləndirib: “Bizim ədəbiyyatımıza Məmməd Arazdan sonra gələn bütün şairlər ondan nəsə öyrəniblər, onun şeirlərindən bəhrələniblər. Məmməd Arazın istənilən şeiri tərcümeyi-haldır, avtobioqrafiyadır. Eyni zamanda o, haqqında ən çox şeir yazılan şairdir”.

Tədbirdə çıxış edən xalq şairi Sabir Rüstəmxanlı Məmməd Arazla bağlı xatirələrini danışıb, onun yaradıcılığı haqqında fikirlərini yubiley iştirakçıları ilə bölüşüb: “Tale elə gətirib ki, Məmməd Araz haqqında ilk yazan adamlardan biri mən olmuşam. Onunla uzun illər bir yerdə çiyin-çiyinə çalışmışıq. Məmməd Arazın bütün yaradıcılığı canlı sözlərdən ibarətdir. İndi cild-cild kitablar çıxır, təbliğ olunur, amma içinə baxırsan bir dənə canlı, diri söz yoxdur, ölü mətnlər hər yerdə adamın qabağına çıxır. Məmməd Arazın poeziyası isə insanla bir yerdə nəfəs alır, yaşayır”.

Yubiley mərasimində yazıçı Aqil Abbas, tənqidçi Vaqif Yusifli, AMEA-nın müxbir üzvü Teymur Kərimli, publisist Flora Xəlilzadə və başqaları Məmməd Arazın müasir Azərbaycan tarixindəki yerindən, poeziyamızdakı mövqeyindən danışıblar. Millət vəkili Aqil Abbas Mədəniyyət və Turizm Nazirliyinə təklif edib ki, Məmməd Arazın və digər şairlərin olduqları, gəzdikləri məkanlar turizm marşrutuna daxil edilsin.

Xatirə tədbirində Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Məlikməmmədova da iştirak edib. Əməkdar artist Firuz Səxavət şairin sözlərinə yazılan “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısını ifa edib, qiraət ustası Ağalar Bayramov Məmməd Arazın şeirlərini səsləndirib. Tədbirdə Nazim Muradoğlunun Məmməd Araz haqqında yazdığı kitabın təqdimatı da olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR