Bakıda Azərbaycan və CAR arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və CAR arasında siyasi məsləhətləşmələr keçirilib
# 08 may 2013 16:39 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan və Cənubi Afrika Respublikası (CAR) Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, CAR nümayəndə heyətinə isə bu ölkənin beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Marius Llevelin Fransman başçılıq edib.

CAR nümayəndə heyətini salamlayan nazir müavini X.Xələfov Azərbaycanın xarici siyasətinin çoxşaxəli olduğunu qarşı tərəfin diqqətinə çatdırıb və ölkəmizin CAR-la əməkdaşlığın dərinləşməsinə böyük önəm verdiyini bildirib. O, sözügedən səfərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə edib. Eyni zamanda X.Xələfov ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın artırılmasının zəruriliyini vurğulayıb.

Marius Llevelin Fransman Azərbaycanda gedən inkişaf prosesinin onda xoş təəssüratlar yaratdığını qeyd edib və ölkəsinin Azərbaycanla bir çox sahələrdə, xüsusilə təhsil, səhiyyə, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığa böyük önəm verdiyini söyləyib. O, Azərbaycanın neft sahəsində təcrübəsinin öyrənilməsinə zərurət olduğunu söyləyib.

X.Xələfov iki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinin zəruriliyini qeyd edərək, enerji, təhsil, humanitar, sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışıb. Məlumat mübadiləsinin aparılmasının önəmini qeyd edən nazir müavini ölkəmizdə keçirilən sərgi və konfranslarda CAR təmsilçilərinin iştirakının vacibliyini vurğulayıb.

Azərbaycanda gedən dinamik inkişafdan danışan X.Xələfov ölkəmizin regionun aparıcı ölkəsi olduğunu qeyd edib. Regionda davamlı stabillik və inkişafın təmin olunması üçün əsas maneə kimi Ermənistan-Azərbaycan münaqişəsini göstərib. Ölkəmizin ərazisinin 20%-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu, beynəlxalq təşkilatlar tərəfindən göstərilən səylərə, qəbul edilmiş qətnamə və qərarlara baxmayaraq, bu günədək münaqişənin həll olunmamış qalması qarşı tərəfin diqqətinə çatdırılıb. Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirməsinin münaqişənin sülh yolu ilə həll olunmasına əsas əngəl olduğu vurğulanıb.

CAR rəsmisi Azərbaycanın ərazi bölüvlüyünü dəstəklədiklərini, işğal faktının qəbuledilməz olduğunu, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrin icra olunmasının əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR