Azərbaycanda 147 nəfər yeni “Vergi dostu" seçilib

Azərbaycanda 147 nəfər yeni “Vergi dostu" seçilib
# 28 noyabr 2013 14:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Vergilər Nazirliyi məktəb müəllimlərinə “Vergi dostu” sertifikatı və kompüterlərin təqdim edib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu gün Kürdəmir şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Göyçay, Ağdaş, Zərdab, Ucar və Kürdəmir rayonlarının ümumtəhsil məktəblərinin müəllimlərinə “Vergi dostu” sertifikatı və kompüterlərin təqdimat mərasimi keçirilib.

Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan tədbirlərdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən layihələr, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və Konsepsiyada Vergilər Nazirliyinə aid nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə qəbul olunmuş “2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası” haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Ə.Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə ictimaiyyətin daha aktiv üzvü olan müəllimlərdən ibarət “Vergi dostları” şəbəkəsinin yaradılması barədə məlumat verib. O, gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərlərinə götürdüyü öhdəliyin vacibliyi barədə də danışıb.

Qeyd olunub ki, indiyədək respublika üzrə 1394 nəfər müəllimə müvafiq təlim keçilib və “Vergi dostu” sertifikatı təqdim olunub. “Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.

Sonra təlimləri müvəffəqiyyətlə başa vurmuş 147 nəfər “Vergi dostu”na üzvlük sertifikatı, “vergi dostu”nun yaddaş kitabçası və kompüterlər təqdim olunub, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalayıblar. Beləliklə, Azərbaycanda “Vergi dost”larının ümumi sayı 1541 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR