Bakıda IPO yerləşdirməsinin üstünlüklərinə həsr olunmuş tədbir keçirilib

Bakıda IPO yerləşdirməsinin üstünlüklərinə həsr olunmuş  tədbir keçirilib
# 21 may 2013 15:05 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) dəstəyi ilə Azərbaycanda Qiymətli kağızlar bazarının inkişafı Proqramı çərçivəsində səhmlərin kütləvi satışını (IPO - Initial Public Offering) həyata keçirmək istəyən şirkətlər və banklar üçün «Sərhədsiz kapitallaşma imkanı» adı altında tədbir keçirilib.

Tədbirdə çıxış edən QKDK-nın sədr müavini İlqar Muradov son illər ərzində ölkənin qiymətli kağızlar bazarında əldə olunan nailiyyətlər, aparılan islahatlar, bazarın inkişafı və perspektivləri barədə məlumat verib və bildirib ki, hazırda Azərbaycanın fond bazarının tənzimlənməsi məqsədilə yeni qanun layihəsi hazırlanıb və layihə artıq dövlətdaxili proseduralardan keçib: «Ümumiyyətlə, Azərbaycanda hazırda bu sahədə islahatlar həyata keçirilir, bir sıra yeniliklər tətbiq olunur».

Tədbirdə çıxış edən «Invest AZ» Şirkətlər Qrupunun rəhbəri Elşən Quliyev şirkətin məqsədlərindən, bu məqsədlər üçün görülən işlərdən danışıb. Azərbaycan və Türkiyədə təmsil olunan «Invest AZ» şirkətinin özəlliklə Azərbaycan qiymətli kağızlar bazarının inkişafı zəminində yerli şirkətlərin kütləvi satışa çıxarılması, bu şirkətlərin «Invest AZ» vasitəsilə kross listinq etmə imkanlarını vurğulayan E.Quliyev bunun üçün lazım olan zəruri texnoloji infrastrukturun və insan resurslarının şirkətdə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. E.Quliyev onu da qeyd edib ki, 2020-ci ilədək şirkət Azərbaycandakı investorların sayını 700 minə, Türkiyədə isə 7 mln.-a çatdırmaq niyyətindədir.

Tədbirdə iştirak edən Bakı Fond Birjasının (BFB) sədri Əmin Muradov son zamanlar BFB-da yaranan aktivlikdən və «Invest AZ» şirkətinin timsalında yaranan yeni potensiallı peşəkar və bazarı inkişaf etdirəcək və həqiqətən dəyər qatacaq şirkətlərin qoşulduğunu qeyd edib. Azərbaycanda şirkətlərin xüsusən maliyyə cəlb etmək üçün qiymətli kağızlar bazarından istifadə etməsinin səmərəliyini vurğulayan Ə.Muradov gələcəkdə artıq bu bazarın likvidliyinin hazırdakından qat-qat üstün olacağına inandığını bildirib.

Qeyd edək ki, tədbirin məqsədi Azərbaycandakı şirkətlərə IPO-nun üstünlükləri, onlara qatacağı dəyəri və korpotivləşmədə rolunu izah etmək, həmçinin «Invest AZ» şirkəti vasitəsilə bu şirkətlərə kross listinq imkanı yaradaraq həm Azərbaycanda, həm də Türkiyədə kapital cəlb etməyin yollarını izah etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR