Ermənistanın baş naziri: “Türkiyə Ermənistanla diplomatik əlaqələrin qurulmasına hazır deyil”

Ermənistanın baş naziri: “Türkiyə Ermənistanla diplomatik əlaqələrin qurulmasına hazır deyil”
# 06 noyabr 2013 10:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Ukraynanın “Seqodnya” qəzetinə müsahibəsində Ermənistanın baş naziri Tiqran Sarkisyan “Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq şansları varmı?” sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesində hər iki tərəfin kompromisə getməsini nəzərdə tutan bir sıra təkliflər hazırlanıb: “Türkiyə Ermənistanla diplomatik əlaqələr qurulmasına hazır deyil. Çünki birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə edir və ondan məsafə saxlaya bilmir”.

“Əgər Ermənistanda “erməni soyqırımı” qurbanlarının xatirəsi əbədiləşdirilməsəydi, Türkiyə loyal ola bilərdimi?” sualına baş nazir belə cavab verib: “Bu təşəbbüs Ermənistan hakimiyyətindən yox, erməni kilsəsindən gəlib”.

T.Sarkisyan qeyd edib ki, Ermənistan dünyəvi dövlətdir: “Türkiyə də özünü dünyəvi dövlət kimi təqdim edir. Ona görə düşünürəm ki, kilsənin bu cür qərarları diplomatik əlaqələr qurulmasına təsir göstərməməlidir. Dünyada elə iki qonşu ölkə tapmaq mümkün deyil ki, tarixdə hansısa konfliktləri olmasın. Normal əlaqələrin qurulması üçün keçmişin dərslərini unutmadan gələcəyə baxmaq lazımdır. Hələlik Türkiyə bu prosesdə siyasi iradə nümayiş etdirməyə hazır deyil. Digər tərəfdən, bu gün Türkiyə “bir millət - iki dövlət” platformasından çıxış edərək Azərbaycanı dəstəkləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR