Əli Həsənov: “Dövlət gənclərin irəli sürdüyü təklifləri sistemləşdirərək həyata keçirir”

Əli Həsənov: “Dövlət gənclərin irəli sürdüyü təklifləri sistemləşdirərək həyata keçirir”
# 13 may 2013 10:26 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi bildirib ki, dövlət gənclərin irəli sürdüyü bu təklifləri sistemləşdirir və həyata keçirir: “O yerdə ki, fəaliyyət kortəbii deyil, planlı şəkildə, bu sahəyə aid olan şəxslərin ideyaları əsasında formalaşır, belə siyasət həmişə davamlı, daha praktik və praqmatik olur. Gənclərin çıxışlarını dinlədikcə, düşünürsən ki, sabaha daha arxayın addımlamaq olar və gələcəyə ümid ilə baxmaq olar. Əgər vətəndaş nikbindirsə, deməli sabaha ümid və inam var. İnsanların fəaliyyəti şüurludursa, konkret hədəflərə ünvanlanıbsa, o siyasəti yürüdənlər iradəlidirsə, deməli müvəffəqiyyətdən danışmaq olar. Gənclərin prezident İlham Əliyevin dəstəkləməsini alqışlayıram, hesab edirəm ki, bu, sizin şüurlu seçiminizdir. Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi əminəm ki, sizdən gələn ideyadır. Sizi buna nə Gənclər və İdman Nazirliyi, nə də Prezident Administrasiyası məcbur etməyib”.

Əli Həsənov Heydər Əliyevin gənclərə verdiyi töhfədən də söz açıb: “1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra gəncləri İttifaq səviyyəsində tanınmış ali təhsil müəssisələrinə oxumağa göndərdi. Bu, Azərbaycanın kadr potensialının inkişaf etdirilməsinin başlanğıcı idi. Qısa müddətdə 15 min Azərbaycan gənci SSRİ-nin 150-dən artıq tədris müəssisəsində 275 ixtisas üzrə hazırlandı və bu gün ölkənin dövlət quruculuğunda iştirak edir. Heydər Əliyev 1969-1987-ci illərdə Azərbaycanın kadr potensialının inkişafı sahəsində inqilabi addımlar atdı. Heydər Əliyevin 1993-cü ildən sonrakı xidməti də gələcək nəsillərin yetişməsinə yönəlmişdi”.

Əli Həsənov hazırkı ictimai-siyasi modelin beş tələbinin olduğunu deyib: “Bunlar dövlətçilik, qanunçuluq, cəmiyyətdə sosial ədalət, vətəndaş prinsipiallığı və həmrəylikdir. Bu gün bizim söykəndiyimiz əsas məqam bunlardır. 1992-ci ildə hərə bildiyi şüarı cəmiyyət idarəçiliyinin, daxili siyasətin prinsipi elan edirdi. Biri deyirdi ki, türkün türkdən başqa dostu yoxdur, digəri bildirirdi ki, Azərbaycan tezliklə İrana bayraq sancmalıdır və Cənubi Azərbaycan ilə birləşməliyik və möhtəşəm dövlət yaratmalıyıq. Hətta bəziləri deyirdi ki, bizim əsas milli ideyamız Çindəki uyğurları azad edib möhtəşəm dövlət yaratmaqdır. Hələ həmin vaxtlar özümüzün azad olub-olmayacığımız bəlli deyildi. Bu prinsiplər cəmiyyətimizi içəridən dağıdırdı. Heydər Əliyevin qoyduğu ideya isə bu gün də ölkənin inkişafına xidmət edir. Azərbaycançılıq dövlətimizə bağlıdır, bu ideya dövlətin imkanlarından bərabər bəhrələnmək imkanı da yaradır. Azərbaycançılıq vətəndaş həmrəyliyidir və milli mənsubiyyəti inkar etmir. Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Heydər Əliyev bunu belə bəyan edib. Bizim mədəniyyətin təməlində hər bir insanın zənginliyi durur. Bu mədəniyyətə ləzgilərin, kürdlərin, talışların və Azərbaycanın digər yerli xalqların inteqrasiya etdiyi bütün o cəhətləri çıxsaq, mədəniyyətimizdə nə qalar? Bizim mədəniyyətimiz Azərbaycanda yaşayan xalqların mədəniyyətinin məcmusudur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR