Prezident İlham Əliyev: “Ölkəmiz, xalqımız üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik”

Prezident İlham Əliyev: “Ölkəmiz, xalqımız üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik”
# 19 iyul 2013 23:39 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı “Qurtuluş” parkında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə şabranlıları bu hadisə münasibətilə təbrik edib: “Doğrudan da böyük hadisədir, tarixi hadisədir. Şabran şəhərinə suyun verilməsini qeyd edirik və bir daha demək istəyirəm ki, bu hadisə böyük əhəmiyyətə malikdir. Çünki içməli su insan üçün, insanın sağlamlığı üçün ən vacib amildir. Mən şadam ki, indi Azərbaycanın bütün bölgələrində içməli su və kanalizasiya layihələri icra edilir. Bəzi yerlərdə bu layihələr artıq başa çatıb, bəzi yerlərdə hələ ki, icra edilir və yaxın 2-3 il ərzində ölkəmizin hər bir şəhərində təmiz içməli su layihələri istismara veriləcək”.

Prezident bu layihənin tarixi əhəmiyyətə malik olduğunu qeyd edib: “Çünki əsrlər boyu su problemi bizim insanları incidirdi, su qıtlığı yaşanırdı. Müxtəlif dövrlərdə layihələr icra edilib. Ancaq sonra bu layihələrin imkanları tələbatımızı ödəmirdi. Çünki ölkə inkişaf edir, əhali artır. İndi artıq Azərbaycanın 9 milyon 400 min əhalisi vardır və tələbat artdıqca əlbəttə ki, biz yeni layihələrin icrasına da başlamalıyıq və bunu edirik. Bu proses Bakı şəhərində, böyük şəhərlərdə çox geniş vüsət alıb. Hər bir şəhərdə içməli su-kanalizasiya layihələri icra edilir”.

Prezidenti İlham Əliyev insanların sağlamlığının ən başlıca vəzifə olduğunu qeyd edib. Onun sözlərinə görə, sağlamlığı təmin etmək üçün müxtəlif kompleks tədbirlər görülür: “İlk növbədə, içməli su təminatına diqqət yetirilir. Özü də bu içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına uyğundur, yəni, təmizdir, keyfiyyətlidir. Tibbi xidmət əlbəttə ki, çox vacibdir və bu məsələ də öz həllini tapır. Ekoloji tədbirlər, idman, digər amillər. Ancaq onların içində içməli su birinci yerdədir. Biz bu layihənin səmərəsini görəcəyik, gələcək nəsillər də görəcək. Mən çox şadam ki, Şabranda artıq bu layihə tamamilə hazırdır, içməli su və kanalizasiya layihələri istifadəyə verilir. Əlbəttə ki, bu kimi layihələr ölkəmizin imkanlarını göstərir. Müstəqil Azərbaycan dövləti bu layihələri icra etməyə qadirdir. Biz 20 ildən bir qədər çox müstəqilik. Müstəqilliyin bəhrələrini hər bir Azərbaycan vətəndaşı görür. Bizim taleyimiz öz əlimizdədir və ölkəmiz, xalqımız üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik”.

Dövlət başçısı qeyd edib ki, Şabran rayonunda digər böyük layihələr icra edilir: “Deyə bilərəm ki, ölkə miqyasında və qeyri-neft sektorunda ən iri layihələrdən biri olan Taxtakörpü su anbarı layihəsi icra edilir. Bu gün biz Vəlvələçay-Taxtakörpü su kanalının açılışını qeyd etdik. Artıq Taxtakörpü gölünə suyun doldurulması başlanıb. Bu da ölkə miqyasında nəhəng layihədir, 180 min hektar sahəni əhatə edəcək. 180 min hektarda suvarma yüksək səviyyədə təşkil ediləcək, 30 min hektar sahəyə isə yenidən su veriləcək. Yəni, bu, kənd təsərrüfatının inkişafına, fermerlik fəaliyyətinə təkan verəcək, nəticədə ölkənin qeyri-neft sektoru inkişaf edəcək. Bizim daxili tələbatımızı öz hesabımıza təminetmə prinsipi təmin ediləcək. Yəni, bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Taxtakörpü su anbarı, su elektrik stansiyası, kanallar nəhəng infrastruktur layihələridir. Ancaq güclü dövlətlər belə layihələri icra edə bilərlər. Azərbaycanda nəhəng layihələr icra edilir. Bu, əlbəttə ki, bir tərəfdən ölkəmizin gücünü göstərir, digər tərəfdən dövlət siyasətini əks etdirir. Çünki bu layihələr insanların rahat yaşaması üçün icra edilir. Bu, elə layihələrdir ki, buraya qoyulan vəsait dövlətə birbaşa qayıdan vəsait deyil. Bu, yalnız insanlara şərait yaratmaq, xidmət göstərmək və biznes imkanlarını genişləndirmək üçün nəzərdə tutulub. Yaxın aylarda Taxtakörpü gölündə suyun səviyyəsi tamamilə təmin ediləcək və bu nəhəng layihə istismara veriləcək. Bu layihə onilliklər, yüzilliklər bundan sonra da bizə xidmət edəcək.

Bu gün səhər biz kənd yolunun istismara verilməsini də qeyd etdik. Bu da çox vacib layihədir. İndi Zeyvə kəndinə qədər uzanan yol müasir standartlara cavab verir və bu da bizim niyyətimizi göstərir. Kənd yollarının tikintisi ölkəmizdə, o cümlədən Şabran rayonunda geniş vüsət alıb. Prezident qeyd edib ki, kəndlərdə yaşayan insanlar da normal imkanlardan istifadə etməlidirlər. “Kənd yolları vacib məsələdir, insanların rahatlığı, hər bir rayonun inkişafı üçündür”, deyə dövlət başçısı qeyd edib.

“Bax, bir gündə Şabranda qeyd olunan hadisələr onu göstərir ki, ölkəmiz nə qədər hərtərəfli inkişaf edir. Həm sosial layihələr, infrastruktur layihələri icra edilir, şəhər də abadlaşır, yeni parklar salınır. Mən buna çox sevinirəm, bunu təqdir edirəm. Hər bir yerdə, hər bir şəhərdə ictimai yerlər yaradılmalıdır – parklar, bağçalar, xiyabanlar ki, ictimaiyyət onlardan istifadə etsin və Şabranda da bu işlər gedir. Burada gələcəkdə diyarşünaslıq muzeyinin tikintisinə böyük ehtiyac var. Çünki Şabran qədim yaşayış yeridir, burada arxeoloji qazıntılar da aparılıb və aparılır. Çox qədim tarixə malik olan bir diyardır və mütləq müasir diyarşünaslıq muzeyi də yaradılmalıdır, bu gün müvafiq göstərişlər verilib.

Bu gün sizinlə bərabər bu gözəl hadisəni qeyd edirik və bu hadisə münasibətilə sizi təbrik edirəm”, deyə dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR