Gələn il istifadəyə veriləcək «Avtovağzal» metro stansiyasında eskalator və travolatorlar quraşdırılır

Gələn il istifadəyə veriləcək «Avtovağzal» metro stansiyasında eskalator və travolatorlar quraşdırılır
# 23 dekabr 2013 14:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı Metropoliteni inşaat işləri yekunlaşmaq üzrə olan 3-cü xəttin başlanğıc stansiyası - «Avtovağzal»da avadanlıqların, o cümlədən eskalator və travolatorların quraşdırılmasına başlayıb.

«APA-Economics»in Metropolitenə istinadən verdiyi məlumata görə, eskalator və travolatorlar Almaniyanın «Tüyssen Krupp» («Thyssen Krupp) şirkətinin məhsuludur. Bundan əvvəl, Almaniiya şirkətinin eskalatorları «İçərişəhər», «Azadlıq prospekti», «Dərnəgül», «Koroğlu» və «28 May» stansiyalarında quraşdırılıb.

İstismar müddəti 25 il olan «Tugela» tipli bu eskalatorlar yığcamlığı, xidmət göstərilməsinin asanlığı, zərbələrə davamlığı ilə seçilir. Onlar SSRİ dövründə istehsal olunmuş analoqları ilə müqayisədə daha etibarlı və təhlükəsizdir. Sürəti Avropa standartlarına uyğun, həm də səssiz-küysüz və titrəyişsizdir. Eyni zamanda, estetik görkəmi ilə seçilir.

Metropolitenin tarixində ilk dəfə travolatorlardan «Avtovağzal»da istifadə olunacaq. Üfüqi vəziyyətdə hərəkət edən «Orinoko» tipli bu sərnişin konveyeri uzun tunellərdə rahat hərəkət vasitəsidir. Bu mənada əlil və uşaq arabaları ilə hərəkət edənlər, yaşlılar, fiziki imkanı məhdud insanlar üçün travolatorlar ən əlverişli hərəkət vasitəsidir.

Stansiyada görülən digər işlərə gəlincə, döşəmə və divarlarının mərmər-qranit təbəqəsi qoyulmuş platformanın, həmçinin 2-ci və 6-cı çıxışların tavanları hazır vəziyyətə gətirilir. Birinci vestibüldə tavanın metal konstruksiyası quraşdırılır, 5-ci və 6-cı çıxışda həm də pilləkənlərin yan divarlarının mərmər təbəqəsi döşənir. Xidməti otaqlarda isə son tamamlama işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR