Mustafa Balbay: “Həbsxanada məni ən çox kövrəldən mahnı “Ayrılıq” idi” - MÜSAHİBƏ

Mustafa Balbay: “Həbsxanada məni ən çox kövrəldən mahnı “Ayrılıq” idi” - <span style="color: red;">MÜSAHİBƏ
# 20 dekabr 2013 07:43 (UTC +04:00)

Ankara. Mayis Əlizadə - APA. Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir millət vəkili, 4 il 8 ay həbsdə qaldıqdan sonra bu yaxınlarda azadlığa buraxılan tanınmış jurnalist-yazar Mustafa Balbayın APA-ya müsahibəsi

- Azərbaycanı çox sevdiyinizi, ölkəmizə dəfələrlə gəldiyinizi bildiyimə görə, söhbətə başlamaq təşəbbüsünü sizə verirəm...

- Onda bundan başlayım ki, mənim uşaqlığımdan bəri ən çox sevdiyim və əzbərlədiyim mahnılar Azərbaycan mahnılarıdır. Bir ölkəni, onun insanlarını xəyalən çox sevə bilərsiniz, ancaq oraya gedib görəndən sonra xəyallarınıza uyğun gəlməyə bilər və kefiniz pozular. Mən Azərbaycana ilk dəfə gedəndə xəyalımda canlandırdığım ölkəyə getdiyimə görə həddindən artıq sevinmişdim. Daha sonra bir neçə dəfə getdim, birində isə sadəcə, gəzmək üçün getmişdim. Özümü Bakının küçələrinə ataraq şəhərin gözəlliyində itib-batmışdım. Türkmənbaşından gəmi ilə Xəzəri boydan-boya keçərək Bakıya getmişdim. Çox gözəl insanlarla tanış olmuş, Azərbaycanı lap çox sevmişdim. Ona görə siz məndən görüş istəyəndə sanki Azərbaycan məndən görüş istəmiş kimi oldu, bunu vurğulamaq istəyirəm.

Çox çətin bir proses yaşadım. Həbsxanada hər şeyi çox ölçüb-biçdim, tənhalıqda öz-özümlə çox danışdım. Həmişə bunu düşündüm: sənin bir şəxs olaraq, ailə başçısı olaraq, ziyalı, jurnalist-yazar və siyasətçi kimi cəmiyyətə qarşı məsuliyyətin var dedim. Daim o məsuliyyətimi hiss edərək və 9 kitab yazaraq həbsxana həyatımı keçirdim. İnsan azadlıqda belə 4,5 ildə bəlkə ancaq 9 kitab yaza bilər. Hər gecə başımı yastığa qoyanda “bu günüm boş keçmədi ki?” - deyə özümdən soruşdum və günlərimin boşa keçmədiyinin cavabını aldım. Təəssüf ki, Türkiyəmizin bir taleyi var: aydınlarımızı həbsxanalardan keçirirlər. Bizdə həbsxanalar sanki universitetdən sonrakı magistratura kimidir. Keçmişdə ölkəmizin tarixində Nazim Hikmətlər, Nəcib Fazillər, Səbahəddin Əlilər oradan keçiblər. Ona görə də artıq aydınların həbsə düşməyəcəyi bir Türkiyə xəyal etməliyik. Mən övladlarımızın fikir və düşüncələrinə görə həbsə girməyəcəyi bir Türkiyə yaratmaq üçün mübarizə aparacağam. Həbsdə yazdığım kitablarımı imzalamağımı istəyirlər; elə isə əvvəlcə o kitabların adlarına baxın: “Zülmxanə”, “Zülmnamə”, “Zülmdar”... Sevgili Mayis, mən artıq bu cür kitabların yazılmadığı bir Türkiyə görmək istəyirəm. Bundan sonra da əlim qələm tutacaq, yazmağa davam edəcəyəm. Amma bundan sonra mən, hər şeydən əvvəl, siyasətçiyəm. Ümid və həyəcan dolu bir həyata atıldığımı hiss edirəm. Bu gün həbsdən çıxmağımın birinci həftəsi tamam oldu, ilk həftənin panoramı budur.

- 2008-in iyulunda Beşiktaşdakı ağır cəza məhkəməsi sizi birinci dəfə sərbəst buraxanda mən də oradaydım. Çıxan kimi sarı mətbuat vəsiqənizi çıxarıb jurnalistikadan başqa heç bir işlə məşğul olmadığınızı dediniz. Bu proseslər Türkiyənin İlhan Səlcuq, Türkan Saylan və başqa önəmli aydınlarını alıb apardı. Sizcə, bundan sonra Türkiyə bir aydınlanma mərhələsinə girə biləcəkmi?

- Türkiyə çox sıxıntılı bir dönəmdən keçir. Aydınlanma prosesini yaşayacaq. Mən bundan sonra özümü buna həsr edəcəyəm. Bununla bağlı Türkiyədə və dünyada yazılan bir çox əsər oxudum. Məncə, cəmiyyətin bütün təbəqələrinə əlimizi uzadıb aydınlanma prosesini hər evə, hər ailəyə yaymağa çalışmalıyıq. “Qələbə çaldıq, bizi həbsə atanlar qəhr olsun!” - demək mənə dəstək verən insanları hərəkətləndirər, coşqulandırar, ancaq oradan o tərəfə keçirə bilməz. Bütün Türkiyəyə demək istəyirəm ki, ey Türkiyə, mən bir acı yaşadım, bunu bir daha heç kim yaşamasın. Çözüm aydınlanmadır, sözüm isə hər kəsə. İndi Türkiyədə “Quran” kursları, dini təmayüllü məktəblər, hicab mübahisə predmetləridir. Mən hicabı olanlar və olmayanlar dilemmasına heç qarışmaq istəmirəm. Biz bu cəmiyyəti aydınlada bilsək, ondan sonra buna oxşar mübahisələr ikinci plana keçəcək. Russo deyir ki, cəmiyyəti aydınlatmaq idarə etməkdən çətindir. Ona görə də mən bütün gücümü sərf edib Türkiyəni aydınlatmağa çalışacağam. Həbsdə ikən yazdığım “Yargıtatör” pyesim Türkiyənin bir çox yerində nümayiş etdirilir. Gələn il yeni bir pyes yazacağam. Millət vəkili seçildikdən 1 həftə sonra həbsxanaya məni görməyə gələn millət vəkilləri deyirdilər ki, Məclisə gələndən 1 həftə sonra kefin pozulacaq, çünki orada iş görməyin çox çətin olduğunu görəcəksən. Mən millət vəkilliyini Məclisdə yox, Türkiyədə yapacağam. Məclis işimin bir ayağı olacaq. Məclisdə millət vəkillərinə etdiyim xitabı gedib Balıkəsirdən, Ədirnədən, İzmirdən Türkiyəyə edəcəyəm. Sevgili Mayis, fevralın üçüncü həftəsi də daxil olmaqla Türkiyənin müxtəlif yerlərindəki çıxış proqramlarım hazırdır, həftədə 3 yerdə çıxış edəcəyəm.

- Türkiyə sizdən ötrü bu qədər darıxıbmış...

- Buna çox sevindim. Həbsdən çıxandan sonra İzmirə getdim. Ruh halımı ifadə edim: səhər saat 10-da günə başladım. 6 yerdə çıxış etdim. Yüzlərlə insanın əlini sıxdım. Avtobusdan sağ əlimi insanlara uzadanda onlar sol əlimi də sıxırdılar və əlimə dırnaqlarını keçirənlər oldu. İzmir məni caynağına keçirdi (gülüşmələr), artıq buraxmaz. Gecə 11.30-da oteldəki otağıma gələndə səhər saat 10-dakından daha canlı idim. Bu duyğuyla hərəkət edəcəyəm. Bir söz var: deyərlər ki, bir şey dəyişər, hər şey dəyişər. Mən ortadakı 1 rəqəmini ən başa keçirib onun yanına daha çox 0 əlavə etmək üçün çarpışacağam.

- Son illərdə Türkiyədə teatr və komediya sənətinin, parodiyaçıların, karikaturaçıların təzyiq altına alındığını , hökumət başçısının sənətkarları tez-tez məhkəməyə verdiyini görürük. Mədəniyyət Nazirliyi hökuməti tənqid edən özəl teatrlara maddi yardım etmir. Bununla bağlı hansı işləri görməyi düşünürsünüz?

- Çin atalar sözü var: 1 il sonrasını düşünürsənsə, toxum ək, 10 il sonrasını düşünürsənsə, ağac ək, 100 il sonrasını düşünürsənsə, cəmiyyətə təhsil ver. Mən də deyirəm ki, 1000 il sonrasını düşünürsənsə, sənətçi yetişdir. Buna inanaraq hərəkət edəcəyəm, sənətçilərin olduğu hər yerdə olacağam. Bir çox sənətçi dostum - Rutkay Əziz, Gənco Ərkal, Fazil Say həbsxanada mənə məktublar yazdılar, mənim üçün tədbirlər keçirdilər. Mən də bundan sonra deyəcəyəm ki, məsələn, bu gün Rutkay Əziz hardadırsa, orda bir yerə toplaşaq. Cəmiyyətdəki həssaslıqları oralara yönləndirməyə çalışacağam, bu yöndə xəyallarım var.

- Azərbaycan 28 may 1918-ci ildə Şərqin ilk cümhuriyyətini elan etmə mərhələsinə 70 illik aydınlanma və maariflənmə mərhələsindən keçib gəlmişdi. Ona görə də qlobal mənadakı radikal din təhdidləri Azərbaycanın dünyəvi strukturuna sarsıdıcı təsir göstərə bilmir. Türkiyə isə cümhuriyyəti elan edəndən bəri radikal din təhdidindən qurtula bilmir. Mədəni əlaqələr çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq barədə nələri həyata keçirməyi düşünürsünüz? Məsələn, Bakıda tamaşaya qoyulmuş “Ölülər” tragikomediyasının Türkiyənin bir televiziya kanalında göstərilməsi üçün təşəbbüs göstərmək istəyərsinizmi?

- Əlbəttə ki, istəyərəm. Bakıda Rəssamlar küçəsi görmüşdüm. Birincisi, bunu vurğulamaq istəyirəm ki, rəsm sənətini ayaqda tutan bir xalq heç vaxt çökməz. Bəlkə dünyadan köçüb, Abdullayev soyadlı bir rəssamın sözünü unutmuram: hər işdə qara baxtım, qarpız kəsdim ağ çıxdı. Bakıdakı o məhəlləni görəndən sonra Azərbaycan ulusunun heç vaxt çökməyəcəyini düşünmüşdüm. Təməlləri bu cür güclü olduğuna görə, Azərbaycan özünü XXİ əsrə daşıdı və 1991-dən sonra o biri türk cümhuriyyətləri arasında dünya ilə ən rahat şəkildə ahəng qura bilən ölkə oldu. Mən bunu düşünürəm: Türkiyə Azərbaycanla nə qədər çox birlikdə olsa, Qərbdə özünü daha güclü hiss edəcək. Türkiyə Qərblə münasibətlərini inkişaf etdirərsə, bu, Azərbaycanın da faydasına olacaq. Mən Türkiyəni nə bütövlükdə Qərbdə, nə də tamamilə Şərqdə olan bir ölkə kimi yox, hər iki qanadın mərkəzində otura bilən güclü bir ölkə kimi xəyal edirəm. Buna görə 10 günümü “Strateji dərinlik” kitabına ayırdım (professor Əhməd Davudoğlunun eyni adlı kitabını nəzərdə tutur); çox dərindir, batdınmı, çıxa bilmirsən (gülüşmələr). Kitabın əksər bölümü Orta Şərqə aiddir, Azərbaycan və Orta Asiya yox dərəcəsindədir. Hörmətli Davudoğlunun ağlına bir “köhnə Osmanlı” xəyalı düşüb. Halbuki bu durum o ölkələrin də qəbul etdiyi bir şey deyil. Sevgili Mayis, hörmətli Davudoğlunun bu cəhdlərinin o ölkələrdə bir qarşılığı olsa, canım yanmaz, deyərik ki, adam həvəslənib, o ölkələr də bunun dediklərini qəbul edirlər. Ancaq dünyanın qəbul etdiyi bir gerçək var: ən qısa məsafə dildir. Həyatın təbii axarı budur və bunu ən rahat həyata keçirə biləcəyimiz ölkə Azərbaycandır. Bakıda bir çayçıya gedəndə Ankaranın problemlərini Bakının bir rayonunun problemi kimi soruşurlar. “Bir millət, iki dövlət” - deyilən gerçəkliyi mən Bakının küçələrində gördüm. Oralarda dolaşıb 2 “Məmməd”, 3 “Məmməd”ə şeylər aldım. “Məmməd” hələ də dururmu? (gülüşmələr)

- Yox, tədavüldən çıxarılıb...

- Onda “əski Məmməd” deyirəm. Açıq demək lazımdırsa, biz Türkiyə olaraq son 20 ili itirdik. Türkiyənin Qərbindəki Balkan və Şərqi Avropa ölkələri Türkiyəyə salam verə-verə Avropa Birliyinə girdilər. Türkiyənin Şərqindəki ölkələr Türkiyəyə salam verə-verə Şanxay Təşkilatına üzv oldular. Türkiyə isə bir-birinə girdi...

- İstərsəniz, son günlərdəki örnəklərə baxaraq bu “bir-birinə girmək” məsələsinə nəzər salaq.

- AKP iqtidarıyla Türkiyə çox şey itirdi. Mən heç bir hökumətin bu ölkəyə pislik etmək üçün gəldiyinə inanmıram. Ancaq bəzən hökumətlərin gözünü seçki ehtirası bürüyər və “önümüzdəki seçki” deməkdən gələcək nəsilləri görməzlər, öz siyasi hədəflərini hər şeyin önünə keçirərək ölkənin canını alarlar. AKP bu ölkənin canına rəhm etməyib. Bunu deyərkən içimdə kin və intiqam duyğusu yoxdur. Biz kosmosdan seçici gətirə bilməyəcəyik, ona görə də bu cəmiyyətə özümüzü anlatmalıyıq. İzmirdən qayıdanda yolüstü Afyonda çay içdim. Heç tanımadığım və fərqli siyasi partiyalara mənsub olan insanlar gəlib məni qucaqladılar. Türkiyənin daxilindəki bu gərginlikdən xilas olmaq üçün bir müştərək birləşmə nöqtəsi yaratmalıyıq. Mən bu müştərək nöqtəni yaratmağa namizədəm, sevgili Mayis. Mənim xəyalım Azərbaycanı necə dolaşmısamsa, dünyanı o cür dolaşmaqdır. Köhnə Lenin Muzeyinin qabağından keçib (Azərbaycan ləhcəsiylə deyir) bulvara çıxmaq. Bakını unutmamışam ki?.. (Gülüşmələr). Ancaq eyni zamanda siyasət hovuzuna girmişəmsə, orada da yaxşı üzməliyəm. Mənim tərəfdarlarımı qızışdıraraq özümü bir az da gücləndirmək fikrim yoxdur. Mən tərəfdarlarımın əlindən tutaraq dairəni mümkün qədər genişləndirmək istəyirəm. Mübaliğə etmirəm, sevgili Mayis, bu hökumətin məntiqi kürdü kürdə qırdırar. Tuncelidə yaşayanlar Diyarbakırda yaşayana düşmən olar. Bu, məntiq deyil. Hal-hazırda Türkiyə içəridə və bayırda silsilə problemlər yaşayır. Bir vaxtlar Hatay bizim ən sülhsevər şəhərimiz idi, Suriya probleminə görə indi Hatay ən xaotik bölgələrimizdən biri oldu. Bilirəm ki, son əməliyyatları da soruşacaqsan.

- Soruşuram...

- Türkiyədə iqtidar bir koalisiyadır. İcma (nurçular), AKP-nin öz kadrları, keçmiş mərkəz sağ və mərkəz soldan gələnlər AKP-nin içində bir koalisiya yaratmışdılar. Koalisiya çatladı. Bu çatlaq qopmağa doğru gedəcəkmi? İndi daşlar tökülür. İdris Bal bir daşdır, Hakan Şükür bir daşdır. Hakan Şükür ağır bir açıqlama ilə, həm da oyun qaydasını pozaraq AKP-dən istefa verdi. Hakan Şükür tribunaya gedir, baş nazir deyir ki, tribunada da otura bilməzsən, Hakan Şükür isə deyir ki, tribunada oturmağıma da sən qarışa bilməzsən. Baş nazirin qeyri-məhdud əsəbiliyini bir daha görməkdəyik. Sadəcə iqtidarı qorumaq üçün qurulmuş bu cür siyasi hərəkatlar çözülməyə, çökməyə, yox olmağa məhkumdur. Bunun yaxın tarixdəki örnəyi Ana Vətən Partiyasıdır. Bu günlərdə iqtidarın zəiflədiyini burdan anladım: jurnalistlər baş nazirə daha cəsur suallar verməyə başladılar.

- 12 dekabrda məhkəmənin qabağında Soner Yalçın deyirdi ki, həbsxanada Mustafa Balbay saz çalıb oxuyurdu, biz də zövqlə dinləyirdik.

- Repertuarımda xeyli Azərbaycan türküsü var. Həbsxanada məni ən çox kövrəldən mahnı isə “Ayrılıq” idi.

- Parlamentin hansı komissiyasında fəaliyyət göstərəcəksiniz? Bilirsiniz ki, 21 ildən bəri Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli şəkildə həll edilməsi üçün hansısa planlarınız varmı? Həbsə düşməzdən əvvəl bu problemi yaxından izlədiyinizi bilirik.

- Azərbaycan torpaqlarının beşdə biri erməni işğalı altındadır. Qarabağ gerçəkdən gəzib görməli yerdir. Azərbaycanın ayrılmaz bir parçası olduğunu bütün dünya bilir, ancaq bəzən bildiklərini demirlər. Hal-hazırda Məclisdə hansı komissiyada olacağımı bilmirəm. CHP sədri, hörmətli Kamal Kılıçdaroğluyla görüşüb xarici əlaqələr komissiyasında da fəaliyyət göstərə biləcəyimi demişəm. Qarabağ torpaqlarının anasının ağ südü kimi Azərbaycana aid olduğunu yaxşı bilirəm. Bu problemlə bağlı hamımızın öz üzərinə düşəcəyi işi görməsi lazımdır, harada görülməsi lazım olan bir iş varsa, orda hamıdan əvvəl məni görəcəksiniz. Ürəkdən deyirəm: mənim üçün İzmir nədirsə, Bakı da odur. Əgər qəbul edərlərsə, Türkiyədə Bakının da millət vəkili olmaq istəyirəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR