Azərbaycan İpoteka Fondunun reytinqi təsdiqlənib

Azərbaycan İpoteka Fondunun reytinqi təsdiqlənib
# 20 may 2013 08:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka Fondunun (AİF) reytinqini «BBB-» səviyyəsində «Sabit» proqnozla təsdiq edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Agentliyin məlumatında deyilir.

Beləliklə, Fondun reytinqi Azərbaycanın müstəqil reytinqinə bərabər səviyyədə müəyyənləşdirilib ki, bu da qurumun dövlət təşkilatı olması və Mərkəzi Bank tərəfindən nəzarət olunması ilə bağlıdır. Həmçinin bildirilir ki, Fond öz vəsaitləri olmasına baxmayaraq, dövlət büdcəsindən də maliyyələşir. Qeyd edək ki, bu vəsaitlər sosial ipotekanın maliyyələşdirilməsinə yönəldilir.

Agentliyin məlumatına görə, ötən ilin sonuna dövlətin AİF-ə maliyyə daxilolmaları 136 mln. manata bərabər olub. Bundan əlavə, Fond tərəfindən buraxılan istiqrazlar üzrə geri alınma ilə bağlı dövlət zəmanəti mövcuddur. Ötən ilin sonuna istiqrazlar üzrə ümumi borc 243 mln. manat təşkil edib.

AİF-in reytinqinin hər hansı istiqamətdə dəyişməsi ilk növbədə ölkənin reytinqinin dəyişməsi ilə əlaqədar ola bilər. Lakin bununla yanaşı bildirilir ki, Fondun hüquqi statusunun dəyişməsi və dövlət nəzarəti altından çıxarılması reytinqin endirilməsinə gətirib çıxara bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR