Lənkəranda yanğın hadisəsi baş verib

Lənkəranda yanğın hadisəsi baş verib
# 25 iyul 2013 07:11 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda güclü yanğın hadisəsi baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə iyulun 24-də saat 16.00 radələrində rayonun Xarxatan kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Müruvvət Qüdrət oğlu Mehdiyevə məxsus tövlədə başlayan yanğın sonradan əhatə dairəsini genişləndirərək qonşusu, 1957-ci il təvəllüdlü Bəxtiyar Əbil oğlu Abdullayevə məxsus tövləyə keçib. Alovun Bəxtiyar Abdullayeva məxsus ikimərtəbəli evə keçməsi təhlükəsi yaranıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkərandakı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə gələnə kimi kənd sakinləri müxtəlif üsullardan istifadə edərək, Bəxtiyar Abdullayevə məxsus evi yanğın təhlükəsindən qorumağı bacarıblar.

Yanğının qarşısını almaq çətin olduğundan sonradan əraziyə daha bir yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Bundan sonra alovun qarşısını almaq mümkün olub. Yanğın zamanı xəsarət alan olmasa da, hər iki sakinə ciddi ziyan dəyib. Belə ki, Müruvvət Mehdiyevə məxsus ümumi sahəsi 65 kv.m olan tövlə və damına yığılmış 700 ot bağlaması, həmçinin Bəxtiyar Abdullayevə məxsus ümumi sahəsi 40 kv.m olan tövlə və damına yığılmış 400 ot bağlaması yanaraq yararsız hala düşüb. Bundan əlavə, M. Mehdiyevin iki baş iri buynuzlu mal-qarası, B.Abdullayevin isə 150 baş toyuq-cücəsi tüstüdən boğularaq tələf olub.

Yanğına elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR