“Qəbələ” “Arsenal”ın sabiq futbolçusunu transfer edir

“Qəbələ” “Arsenal”ın sabiq futbolçusunu transfer edir
# 30 dekabr 2013 12:28 (UTC +04:00)

Bakı – APA. “Qəbələ” ilk transferini rəsmiləşdirmək üzrədir. Klubun baş meneceri Zaur Əzizovun apasport.az saytına verdiyi məlumata görə, ötən mövsüm Kiyev “Arsenal”ında çıxış etmiş Rafael Santos “Qəbələ”də çıxış edəcək.


29 yaşlı futbolçu “Qəbələ”nin yanvarın 5-dən start götürəcək Türkiyədəki təlim-məşq toplanışına qatılacaq. Orda tibbi müayinədən keçdikdən sonra braziliyalı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə bağlanacaq.

Bəs görəsən, tam adı Rafael Alves dos Santos olan futbolçu kimdir? Karyerasına Braziliyanın “Ponte-Preta” (2003-2006) klubunda başlayan Rafael Santos ölkəsində daha sonra “İnternasional” (2006-2007) və “Atletiko Paranaense”nin (2007-2011) şərəfini qoruyub. Sonuncu klubda olarkən Salvadorun “Vitoriya” (2008) və İtaliyanın “Bolonya” (2009/10) komandalarında icarə əsasında çıxış edib.

Legioner karyerası uğurlu olmayan Rafel ötən il qısa müddət ölkəsinin “XV noyabr” klubunda oynayıb. Sambaçının Avropada 2-ci karyerası isə uğurlu olub. Belə ki, ötən ilin iyununda “2+1” şərti ilə Kiyev “Arsenal”ı ilə müqavilə bağlayıb. Ancaq bu ilin oktyabrın 29-da Ukrayna təmsilçisinin müflis olaraq dağılması futbolçunun azad agent olmasına səbəb olub. Belədə “Qəbələ” futbolçusunu heç bir kluba pul ödəmədən birbaşa müqaviləyə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR