Azərbaycan və Tatarıstan energetika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edir

Azərbaycan və Tatarıstan energetika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edir
# 04 dekabr 2013 14:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Tatarıstanın baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə N.Əliyev Azərbaycanın Rusiya, o cümlədən Tatarıstanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirib, dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələr arasında əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb.

Hər iki ölkənin inkişaf etmiş neft-qaz sənayesinə malik olduğunu qeyd edən N.Əliyev Azərbaycanın yeni neft strategiyası çərçivəsində həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələri barədə ətraflı məlumat verib, həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından söz açıb, qısa müddətdə Avropaya enerji dəhlizi açıldığını qeyd edib.

R.Zaripov ölkəsinin neft-qaz sənayesinin yaradılmasında və sonrakı inkişafında Azərbaycan mütəxəssislərinin rolunu yüksək qiymətləndirib, son illər bu sektorda aparılmış islahatlardan ətraflı bəhs edib. Tatarıstan iqtisadiyyatında neft-qaz sənayesinin mühüm yer tutduğunu bildirən R.Zaripov Rusiyanın digər subyektləri kimi, Tatarıstanın da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə «Tatneftkimyainvestisiya» Holdinqinin baş direktorunun müavini Haris Mustafin Tatarıstanın neft hasilatı, emal və neft-kimya sənayesinin bugünkü vəziyyəti, eləcə də ARDNŞ ilə mümkün əməkdaşlıq perspektivləri haqqında geniş təqdimatla çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR