İranlı deputat: “Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin diplomatı qovulub”

İranlı deputat: “Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin diplomatı qovulub”
# 30 oktyabr 2013 12:46 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin diplomatı qovulub.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran parlamentinin milli tələbələr komitəsinin sədri Mehdi Dəvatgəri bildirib.

Onun sözlərinə görə, həmin diplomatın qətlə yetirdiyi İran vətəndaşının ailəsi və bu hadisədə yaralanan bir hərbçinin kompensasiyaları Səudiyyə Ərəbistanının İrandakı səfirliyi tərəfindən ödənilib.

Ancaq İran Xarici İşlər Nazirliyindən adının açıqlanmasını istəməyən bir səlahiyyətli isə İSNA-ya açıqlamasında Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin diplomatının ölkədən qovulması ilə bağlı yayılan xəbərləri əsassız adlandırıb: “Həmin diplomatın İrandan xarici edilməsi ilə bağlı verilən xəbərlər tamamilə həqiqəti əks etdirmir. Bu diplomat bu il oktyabrın 27-də şəxsən öz istəyi ilə ölkəmizi tərk edib. Səudiyyə Ərəbistanının İrandakı səfirliyi də iki gün sonra bir məktubla həmin diplomatın Tehrandakı missiyasının sona çatdığını İran Xarici İşlər Nazirliyinə bildirib”.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi sözçüsü Mərziyə Əfxəm isə İran vətəndaşının ölümünə səbəb olan Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin diplomatı haqqında məhkəmənin pul cəzası kəsdiyini və ölən adamın ailəsinin iddiadan imtina etdiyini açıqlayıb.

Qeyd edək ki, bu ilin mart ayında Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin diplomatı içkili vəziyyətdə avtomobil idarə edərkən qəza törədib, nəticədə bir nəfər ölüb. Belə ki, “Hyundai” markalı avtomobili idarə edən diplomat sürət həddini keçdiyi və içkili olduğu üçün magistral yolda idarəetməni itirib və qarşısında gedən “Ford Festiva” (Praid) markalı avtomobilə dəyib. “Ford" isə yoldan çıxaraq yolun kənarındakı dirəklərə dəyib. Hadisə nəticəsində “Ford”un sürücüsü həlak olub, bir nəfər isə yaralanıb. Polisin araşdırması zamanı ərəb diplomatın içkili olduğu müəyyən edilib. Onun maşınının içərisindən bir şüşə yarımçıq spirtli içki, avtomobilin baqajından isə 3 şüşə spirtli içki müsadirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR