Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib - FOTO

Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib - <span style="color: red;">FOTO
# 06 dekabr 2013 16:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan, Türkiyə, İran, Rusiya (Dağıstan) və Qırğızıstandan qabaqcıl elm və tədris müəssisələrini təmsil edən nümayəndələr iştirak edib.

AMEA Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu (İmanov) bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd 120 illik yubileyi münasibətilə böyük sənətkarı bir daha yad etmək, aşıq sənətinin dünəninə, bu gününə, bəlkə də müəyyən mənada problemlərinə baxmaqdır: “Aşıq Şəmşir dərin köklərlə, qırılmaz tellərlə özündən əvvəlki klassik aşıq sənətinə bağlıdır və özündən sonrakı nəslə bir mənəvi körpüdür. O, 70-dən çox saz havasını məharətlə ifa edib, lentə yazdırıb. Aşıq Şəmşir 500-dən çox şeir yazıb, 20-yə yaxın dastanı məclislərdə canlı şəkildə söyləyib, xalq arasında dastan ifaçılığının böyük zirvəsini fəth edib. Nəhayət, aşıq sənətinin vacib tələblərindən biri olaraq 30-dan çox şagird yetişdirib. Aşıq Şəmşirin şeirləri də, ifa etdiyi saz havaları da, şagird yetişdirməsi də bir məcrada – dastan ətrafında birləşib”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın ən zəngin folklor sərvətlərinə malik ölkələrdən biri olduğunu bildirib. Qeyd edib ki, Aşıq Şəmşirin irsi yalnız Azərbaycanın deyil, türk xalqlarının və onlarla eyni mədəni məkanda yaşayan qonşu xalqların da filoloq və musiqişünas alimləri üçün maraqlı və dəyərli tədqiqat obyektidir.

Konfrans öz işini “Qurbani”, “Dadaloğlu”, “Manas”, “Aşıq Ələsgər” adlı bölmələrdə davam etdirib, həmin toplantı-yığıncaqlarda 30-dan artıq elmi məruzə dinlənilib, məruzələr ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR