“Xocalıya ədalət” kampaniyasının 5 illik fəaliyyətinin yekunları və gələcək planları ilə bağlı tədbir keçirilib - FOTO

“Xocalıya ədalət” kampaniyasının 5 illik fəaliyyətinin yekunları və gələcək planları ilə bağlı tədbir keçirilib - <span style="color: red;">FOTO
# 24 fevral 2014 08:58 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Xocalıya ədalət!” təbliğat və məlumatlandırma kampaniyasının 5 illik fəaliyyətinin yekunları və gələcək planları ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, kampaniyanın koordinatorluğu tərəfindən keçirilən tədbirdə 5 illik fəaliyyətlə bağlı müxtəlif tədbirlər barədə slaydlar nümayiş etdirilib.

Çıxış edən "Xocalıya ədalət!" təbliğat və məlumatlandırma Kampaniyasının koordinatorlarından biri Nicat Məmmədli beynəlxalq qurumlar, eləcə də ayrı-ayrı dövlətlər tərəfindən Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi sahəsində əldə olunmuş nailiyyətlərdən bəhs edib.

O bildirib ki, kampaniyanın başlanması ideyası 2008-ci ilin 8 may tarixində, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlər arası dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb, növbəti ildən rəsmən fəaliyyətə başlayıb: “Kampaniya hazırda dünyanın 40-a qədər ölkəsində həyata keçirilir. İstər kampaniya, istərsə də Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində artıq dünyanın bir neçə ölkəsi, o cümlədən ABŞ-ın 14 ştatı Xocalı soyqırımını tanıyıb”.

İslam Əməkdaşlıq Təşkilatı və ona bağlı qurumların qəbul etdiyi sənədlərin əsas müddəalarına toxunan N.Məmmədli qeyd edib ki, faciəyə "kütləvi qırğın" və "insanlığa qarşı cinayət" kimi qiymət verilməsi gələcəkdə bu cinayəti törədənləri hüquqi məsuliyyətə cəlb edilməsinə imkan yaradacaq.

Kampaniyanın digər koordinatoru Sevinc İskəndərova isə son 5 ildə Xocalı faciəsi haqda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə aid elektron təqdimatla çıxış edib. O, çıxışında kampaniyanın 40-a yaxın ölkədə milli koordinatorluğunun yaradıldığını, İƏT toplantısı və ona aid qurumlar çərçivəsində faciə ilə bağlı indiyə qədər 10-a yaxın qətnamənin qəbul edilməsini, məşhur amerikalı reper Toni Bləkmənin ifasında "Xocalıya ədalət" vide rolikinin hazırlanıb yayımlanmasını, avropalı rejissorların iştirakı ilə "Sonu olmayan dəhliz" sənədli filminin çəkilişini, Qarabağ həqiqətləri ilə bağlı Rusiya ictimaiyyəti üçün iki kitabın nəşr olunmasını, bütövlükdə 5 il ərzində 200-ə yaxın müxtəlif xarakterli tədbirin həyata keçirilməsini bildirib.

"Xocalıya ədalət" kampaniyasının hüquq məsləhətçisi Vüsal Qurbanov yaxın illər ərzində görüləcək işlər barəsində çıxış edərək, dünyanın aparıcı ölkələrində faciə ilə bağlı elektron sərgilərin keçirilməsi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə xarici ekspertlərin iştirakı ilə tədqiqatların aparılması üçün təqaüdlərin təsis olunacağından bəhs edib.

Tədbirdə çıxış Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov və digər iştirakçılar da çıxış edərək kampaniyanın indiyə qədər gördüyü işlərin effektivliyindən danışıblar.

Tədbirin sonunda Dağlıq Qarabağın Azərbaycanlı İcması, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və "İrəli" İctimai Birliyi arasında kampaniyanın effektivliyini və bundan sonra daha geniş miqyasda fəaliyyətini təmin edən anlaşma memorandumu imzalanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR