Jurnalistika ixtisası üzrə təhsil almaq istəyənlər üçün əlavə imkan yaradılıb

Jurnalistika ixtisası üzrə təhsil almaq istəyənlər üçün əlavə imkan yaradılıb
# 01 may 2014 14:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bakalavriat pilləsi üzrə jurnalistika ixtisası üzrə təhsil almaq istəyən abituriyentlər üçün əlavə imkan yaradıb. APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatsa da, III qrup üzrə jurnalistika ixtisasında oxumaq istəyənlərin həftənin axırına kimi qeydiyyatdan keçməsinə imkan verilir.

M. Abbszadə bildirib ki, bakalavriat pilləsi üzrə jurnalistikanı seçənlər test imtahanı verib müvafiq balı toplayandan sonra yazı işi yerinə yetirməlidirlər: “Onlar sənəd qəbulu zamanı ərizələrində xüsusi ərizəyə daxil olub jurnalistika ixtisasını istəyib-istəmədiklərini qeyd etməli idilər. Çünki onlar test imtahanından sonra yazılı işi yazmalı olacaqlar. Bu il cəmi 370 nəfər ərizəsində jurnalistikada oxumaq istədiyini qeyd edib. Jurnalistikada oxumaq istəyən 370 nəfərdən hələ neçəsinin ən azı 250 bal toplayaraq müsabiqəyə buraxılacağı bəlli deyil. Ona görə də bu yerlərin boş qalacağını gözləyirik. Qeyd edim ki, ötən il jurnalistikada oxumaq istəyən 3 minə yaxın abituriyent ixtisas seçimində ilk yerdə bu ixtisası qeyd edib”.

TQDK sədri bəyan edib ki, bu il yeni qaydalara əsasən magistratura pilləsində jurnalistika ixtisasını müxtəlif humanitar sahələri bitirən bakalavrlar seçə bilərdilər. M. Abbaszadənin sözlərinə görə, onlar jurnalistikada magistratura oxumaq üçün ikinci mərhələdə müsabiqədən keçiblər: “Bu proqram üzrə 36 yer var idi. Həmin müsabiqədə iştirak etmək üçün xüsusi ərizəni 24 nəfər doldurub. Onların hamısı müsabiqədən keçərək II mərhələyə-yazı işi yazmağa buraxılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR