Elmar Məmmədyarov Zimbabve xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Zimbabve xarici işlər naziri ilə görüşüb
# 10 aprel 2014 16:26 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın regionun lider ölkəsi olduğunu bildirən E. Məmmədyarov, Afrika ölkələri ilə münasibətlərin inkişafında maraqlı olduqlarını söyləyib.


Zimbabve ilə bir çox sahələrdə, o cümlədən təhsil, turizm və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayan nazir, bunun üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Eyni zamanda görüşdə Azərbaycan və Zimbabve arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.

Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvi Azərbaycana səfərindən məmnun olduğunu deyib və Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi haqda Zimbabve xarici işlər nazirinə məlumat verən E. Məmmədyarov, Azərbaycanın münaqişənin beynəlxalq hüquq əsasında həll olunmasının tərəfdarı olduğunu ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR