Azərbaycan prezidenti: “İndi əksəriyyət dərk edir ki, bizimlə diktat dili ilə danışmaq mümkün deyil”

Azərbaycan prezidenti: “İndi əksəriyyət dərk edir ki, bizimlə diktat dili ilə danışmaq mümkün deyil”
# 07 oktyabr 2013 16:44 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında deyib.

Dövlət başçısı bildirib ki, regional vəziyyətlə, regionda baş verən hadisələrlə bağlı Azərbaycanın çox ciddi mövqeyi, müstəqil yanaşması var. Biz daim müstəqil mövqe nümayiş etdiririk. Bizim mövqeyimiz beynəlxalq hüquqa, ədalətə söykənir. Bu yanaşma deyə bilərəm ki, dünyada da dostlarımızın sayını artırır”.

Prezident qeyd edib ki, ötən rübdə yüksək səviyyəli dövlət və hökumət nümayəndələrinin səfərləri bir daha Azərbaycanın xarici siyasətlə bağlı uğurlu addımlarının təzahürüdür: “Keçən rübdə İtaliya baş nazirinin Azərbaycana uğurlu səfəri olub. İtaliya Avropanın, dünyanın aparıcı ölkələrindən biridir. Bizi çox gözəl münasibətlər bağlayır. Tarixdə ilk dəfə İtaliyanın baş naziri Azərbaycana səfər edib. Səfərin nəticələri çox müsbət olub. Ondan bir neçə gün sonra Rusiya prezidenti Azərbaycana səfər edib. O səfər də çox uğurlu idi. Bu səfərin də Rusiya-Azərbaycan strateji əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyəti var idi. Bütün məsələlərlə bağlı əldə edilmiş razılaşmalar gələcəkdə də Rusiya-Azərbaycan əlaqələrinin uğurla inkişaf etməsini təmin edəcək. Əminəm ki, həm siyasi, həm iqtisadi sahədə bundan sonra da gözəl nəticələr olacaq. Ondan bir neçə gün sonra Azərbaycanda Türkdilli Dövlətlərin Zirvə görüşü keçirilib. Türkiyə, Qazaxıstan, Qırğızıstan prezidentləri Azərbaycana gəliblər. Yəni, bütün bu səfərlər təxminən bir həftə -10 gün ərzində baş verib. Bu, əslində bir göstəricidir. Çünki həm Avropa ilə, həm qonşularımızla, həm türkdilli dövlətlərlə bizim çox sıx, qarşılıqlı hörmət və etimad əsasında qurulmuş münasibətlərimiz vardır. Bu münasibətlərin bundan sonra da inkişafı şübhə doğurmur”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bütün xarici tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı maraqlar üzərində qurulub: “Hesab edirəm ki, müstəqillik dövründə bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də nümunə ola bilər. Biz öz milli maraqlarımızı müdafiə edirik, necə lazımdır müdafiə edirik. Eyni zamanda, biz bütün ölkələrlə əməkdaşlığa açığıq. Bizim xarici siyasətlə bağlı yanaşmamız əməkdaşlıq üzərində qurulub. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Görəndə ki, kimsə bizim daxili işimizə qarışmaq istəyir əlbəttə ki, buna kəskin reaksiya verilir və biz buna da imkan vermirik. Son on ilin təcrübəsi göstərir ki, belə səylər əbəsdir. Əgər əvvəllər kimsə hesab edirdi ki, Azərbaycana təzyiq etmək, hansısa məsələlərin həllində təsir etmək olar, hesab edirəm ki, indi ölkələrin, xarici, beynəlxalq qurumların əksəriyyəti dərk edir ki, bizimlə diktat dili ilə danışmaq mümkün deyil.

Adekvat reaksiya olacaq və ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. Heç kimdən asılı, heç kimin qarşısında gözükölgəli deyil, öz yolu ilə, müstəqillik, inkişaf yolu ilə gedir və bundan sonra da gedəcək. Hər bir ölkə ilə münasibətləri biz bu əsaslar üzərində qururuq. Hesab edirəm ki, bu sahədə də qeyd etdiyim kimi, bizim təcrübəmiz bəzi ölkələr üçün çox maraqlı ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR