İkinci “Şuşa qrantı” beynəlxalq müsabiqəsi elan edilib

İkinci “Şuşa qrantı” beynəlxalq müsabiqəsi elan edilib
# 10 may 2013 16:40 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu və UNESCO üzrə Azərbaycan Milli Komissiyası 2013-cü il üçün beynəlxalq xarakterli 2-ci “Şuşa qrantı” məqsədli müsabiqə elan edib. Elmin İnkişafı Fondundan APA-ya verilən məlumata görə, qrantlar Qarabağın tarixinin, bu diyarın qədim və rəngarəng qeyri-maddi və maddi-mədəni irsinin, memarlığının, arxeologiyasının, iqtisadiyyatının, fauna və florasının, təbii sərvətlərinin, mədəniyyət tarixinin, etnoqrafiyasının, ədəbiyyatşünaslıq, dilçilik, sənətşünaslıq, incəsənət sahələrinin, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının tədqiqi və bu barədə həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərlə bağlı mədəni, ekoloji, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının və s. kompleks şəkildə elmi əsaslarla dərindən tədqiq olunmasının dəstəklənməsi məqsədi ilə təbiət, dəqiq, texniki, humanitar və ictimai elm sahələrində fundamental-tətbiqi xarakterli elmi-tədqiqat proqram və layihələrinə veriləcək.

Müsabiqənin ümumi maliyyələşdirilmə həcmi 300 000 manatdır.

2-ci “Şuşa qrantı” müsabiqəsi çərçivəsində təqdim olunacaq layihələr kiçik və orta maliyyə həcmli qrantlar şəklində olmaqla təbiət, dəqiq, texniki, humanitar və ictimai elm sahələrini əhatə edən fundamental-tətbiqi xarakterli layihələri, Qarabağ mövzusu ilə əlaqəli respublika, regional və beynəlxalq səviyyəli müştərək (hər hansı bir qurumla birlikdə) konfrans, simpozium, seminar və başqa elmi tədbirlərin Azərbaycan Respublikasında təşkili və keçirilməsini, Azərbaycan alim və mütəxəssislərinin Qarabağ mövzusu ilə bağlı xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə (bir qayda olaraq, dəvətli və şifahi məruzəçilər qismində) iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsini, Qarabağ mövzusu ilə bağlı tamamlanmış və çapa hazır elmi əsərlərin (monoqrafiya, atlasların, sifarişli əsasda yazılmış elmi və analitik icmalların və b.) nəşrinin dəstəklənməsini əhatə edəcək.

Müsabiqədə fərdi şəkildə alimlər və ya elmi yaradıcı kollektivlər (müxtəlif qurumlarda çalışan və fəaliyyət göstərən alim və mütəxəssislərin iştirakı ilə müvəqqəti olaraq təşkil olunmuş) iştirak edə bilərlər. Beynəlxalq əməkdaşlıq çərçivəsində təqdim olunan layihələrə seçim zamanı üstünlük veriləcək.

Müsabiqəyə təqdim edilmiş bütün layihələrin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyekti kimi Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçiriləcək.

Qeyd edək ki, Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2012-ci ilin 8 may tarixində “Şuşa qrantı”nı təsis edib.

1-ci “Şuşa qrantı” müsabiqəsi 2012-ci ildə elan edilərək keçirilib və qalib layihələr müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR