İran XİN başçısı: “Yeni hökumətin qarşısında ən böyük maneə sanksiyalardır”

İran XİN başçısı: “Yeni hökumətin qarşısında ən böyük maneə sanksiyalardır”
# 23 avqust 2013 10:55 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın xarici siyasət prinsipləri beynəlxalq münasibətlərdə dəyişilməzdir”.

APA-ın İran dövlət televiziyasına istinadən verdiyi məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, İranın xarici siyasət prinsipləri ölkənin müstəqilliyini və ərazi bütövlüyünü, xalqın azadlığını müdafiə etmək, onların həyat şərtlərinin yaxşılaşdırılması istiqamətində beynəlxalq əlaqələrdə ədalətli bir sistem izləməyi tələb edir.

M. Zərif deyib ki, İranın heç vaxt müharibə tərəfdarı olmayıb: “İran sahib olduğu zəngin maddi və insani sərvətlərdən dolayı heç bir zaman müharibəyə doğru addım atmayıb. Bu səbəbdən sülh tərəfdarı olan ölkə kimi tanınır. İran geopolitik vəziyyəti və öz ərazisi ilə kifayətlənib. Rəsmi Tehranın öz problemlərini həll etmək üçün ərazisini genişləndirmək kimi siyasəti əsla yoxdur. Biz dünya ilə məntiqli və sakit şəkildə dialoqla İranın beynəlxalq səviyyədə nüfuzunu gücləndirə biləcəyik. İran mərhələlərlə nailiyyət qazanılması prinsipinə inanır”.

Nazir vurğulayıb ki, İranın ən böyük kartı xalqdır: “İran xalqının böyük gücü seçkilərdə təkrar göründü. İran xalqı çox böyük sərmayəmizdir və bu vəziyyət İranın beynəlxalq sahədə ciddi oyunlarda rolunu gücləndirdi”.

M. Zərif yeni hökumət qarşısında ən böyük maneənin sanksiyalar olduğunu deyərək, ABŞ-ın birtərəfli sanksiyalarının bütün dünyaya tətbiq edildiyi söyləyib: “Bu sanksiyaların heç hüquqi əsası yoxdur. Sanksiyaların ağıllı müzakirələrlə ortadan qaldırılması lazımdır. Yeni hökumətin bu sahədəki ən mühüm işi xarici siyasətdə xalq və müdrik adamlar arasındakı birlik yaratmaq, iqtisadi təzyiqlərin azaldılması ilə bağlı səy göstərərək özəl sektorun beynəlxalq iqtisadiyyat sahəsinə daxil olmasını təmin etməkdir”.

Nazir İranın nüvə işinin BMT Təhlükəsizlik Şurası səviyyəsinə çıxarılmasının siyasi məqsədlər daşıdığını bildirib: “İranla ticarət əlaqəsi olan ölkələrə sanksiyalar tətbiq edilməsi qanuni deyil. Beynəlxalq hüquqa görə, bu addım ölkələrin daxili işlərinə müdaxilə etmək deməkdir. Beynəlxalq nüvə qanunlarına görə, İranın nüvə fəaliyyətlərinin sülh məqsədli olmaması qeyri-mümkündür. İran məntiqlə bu mövzunu izah etməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR