ABŞ və Çin arasında ticarət və süni intellekt məsələləri üzrə son dərəcə uğurlu danışıqlar keçirilib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.
“Biz indicə çinlilərlə ticarət və Sİ məsələləri üzrə çox uğurlu danışıqlar apardıq. Pekində dayandığımız yerdən davam etdik. Orada Ticarət Şurasını yaratmış və Sİ-ni müzakirə etməyə başlamışdıq. Bu axşam isə bu mövzular praktiki müstəviyə keçdi”, - Bessent jurnalistlərə bildirib.
Bessentin sözlərinə görə, tərəflər Sİ sahəsində əməkdaşlıq mexanizminin yaradılmasını müzakirə ediblər. Onun sözlərinə görə, bu mexanizm “ABŞ-Çin Sİ dialoqu” adlandırılacaq.
“ABŞ iki ölkə arasında məlumatlandırma mexanizminin yaradılmasını təklif edib. Biz həmçinin məqsədlər və təhdidlərə dair ümumi baxış formalaşdırmaq istəyirik”, - nazir deyib.
Bessent onu da bildirib ki, məlumatlandırma mexanizmi Sİ ilə bağlı milli təhlükəsizlik səviyyəsində mümkün insidentlər və təhdidlər barədə qarşılıqlı məlumat mübadiləsini nəzərdə tutur.