Dərsliklərin hazırlığına razılıq verilməsinə dair təkliflər paketi müvafiq dövlət qurumlarına təqdim edilib

Dərsliklərin hazırlığına razılıq verilməsinə dair təkliflər paketi müvafiq dövlət qurumlarına təqdim edilib
# 06 oktyabr 2015 08:25 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dərsliklərin çapaqədərki qiymətləndirilməsi 3 müstəqil qurum - ölkənin aparıcı mütəxəssislərindən təşkil olunmuş DQŞ, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və müəllim hazırlığı ilə məşğul olan ali məktəblər tərəfindən aparılır: “Hər bir dərsliyin nəşriyyat tərəfindən müsabiqə komissiyasına təqdim olunmuş maketi müəyyən kod altında yuxarıda adı çəkilən qurumlara qiymətləndirməyə verilir. Nəticədə alınan rəylərdəki qiymətlər hər bir dərslik üzrə ümumiləşdirilir. 3 qurumun verdiyi qiymət əsasında ədədi orta qiymət müəyyənləşdirilir, yekunda ən yüksək bal toplayan dərslik maketi qalib elan olunur”.

Qeyd olunub ki, ümumtəhsil məktəb dərslikləri təsdiq olunmuş fənn kurikulumları (təhsil proqramları) əsasında hazırlanır: “Dərsliklər üçün müəlliflərin seçimi və çap prosesi nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən həyata keçirilir. Təhsil Nazirliyi dərsliklərin hazırlanması üzrə tender elan edir. Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) tenderə nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən təqdim olunmuş dərslik maketlərinin ekspertizasını aparır və müsabiqənin yekununda qalib nəşriyyatları müəyyənləşdirir. Təhsil Nazirliyi bu prosesin təşkilini əlaqələndirir və DQŞ-nin yekun qərarının rəsmiləşdirilməsini təmin edir”.

Məlumatda o da qeyd olunub ki, son 2 ildə Təhsil Nazirliyinin keyfiyyətli dərsliklərin hazırlanması məqsədilə atdığı addımlardan biri dərsliklərin çapaqədərki qiymətləndirilməsinə DQŞ ilə yanaşı, digər qurumların da cəlb olunmasıdır: “Dərslik hazırlığının mövcud Qaydası ilə yanaşı, “ehtiyat” dərsliklərin sifariş yolu ilə hazırlığına razılıq verilməsinə dair təkliflər paketi müvafiq dövlət qurumlarına təqdim edilib. Dərslik hazırlığı ilə bağlı yeni Qaydaların təsdiqi bu sahədəki bir çox problemlərin həllinə kömək edəcək, peşəkar müəlliflərin və bu sahədə ixtisaslaşmış ali məktəb kafedralarının bu işə daha fəal qoşulmasına şərait yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR