Bruklin Bakı Dostluq Assosiasiyasının nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib

Bruklin Bakı Dostluq Assosiasiyasının nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib
# 15 may 2015 16:11 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Bruklin Bakı Dostluq Assosiasiyasının sədri Marietta Rozentalın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib.

APA-nın komitənin saytına istinadən verdiyi məlumata görə, görüşdə yeni yaradılmış Assosiasiyanın fəaliyyət istiqamətləri və iş planına dair geniş müzakirə aparılıb. Marietta Rozental Azərbaycan diasporu ilə yəhudi icmasının üzvləri arasında sıx əməkdaşlığın olduğunu və bu əlaqələrin daha da inkişaf etdiriləcəyini vurğulayıb.

Marietta Rozental Bruklin Meri Erik Adamsın adından Diasporla İş üzrə Dövlət Komitəsinə təltifnamə təqdim edib. Təltifnamə Azərbaycanın mədəni irsinin, tarixinin təbliğinə, eləcə də Bruklin Bakı Dostluq Assosiasiyasının missiyasının inkişafına, mədəni əlaqələrin qurulmasına, gənclərin inkişafına, turizm və biznesin təşviqinə verdiyi töhfələrə görə təqdim olunub.

Görüşdə Dövlət Komitəsini IV Ərazi şöbəsinin müdiri Cavanşir Vəliyev təmsil edib.

Xatırladaq ki, keçən il Azərbaycanla ABŞ və iki ölkənin rayonları, eləcə də şəhərləri arasında mövcud əlaqələri, əməkdaşlığı inkişaf etdirmək məqsədilə Nyu-York şəhərinin Bruklin Boro inzibati rayonu ilə Bakının Səbayel rayonu arasında Tərəfdaşlıq və Əməkdaşlıq Protokolu imzalanıb.

Qeyd edək ki, əslən Bakı yəhudisi olan və uzun illərdir, ABŞ-da yaşayan Marietta Rozental Bruklin meriyasının xoşməramlı səfiridir. Marietta Rozentaln rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinin məqsədi isə mayın 18-19-da keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR